BAKI, 20 sentyabr — Sputnik. Mobil cihazların qeydiyyatının aparılması qaydasında dəyişiklik edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na yeni bənd əlavə edilib.
Əlavəyə görə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə "Dövlət rüsumu haqqında" qanuna uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir.
Qeyd edək ki, bu ilin iyulun 31-də Nazirlər Kabineti tərəfindən "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib. Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödənilir.