CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Talış separatçısının acınacaqlı sonu: Onu “sevdiyi” Azərbaycana göndərəcəklər

Abunə olmaq
Azərbaycan tərəfindən separatizmdə günahlandırılan "Tolişi Sədo" qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə Moskvada saxlanılıb

Mariya Şeludyakova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycan tərəfindən separatizmdə günahlandırılan "Tolişi Sədo" qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə polis tərəfindən saxlanılıb. O, hazırda Podmoskovye polis şöbəsində nəzarət altında saxlanılır. Bunu Sputnik Azərbaycan-a talış separatçının dostu, Beynəlxalq Talış Mədəniyyətinin Dirçəlişi Fondunun sədri Kahin Əbilov məlumat verib.

Separatçı Fəxrəddin Abbaszadənin həbsi sentyabrın 6-da həyata keçirilib. İlk dəfə bu barədə məlumat ötən həftə yayılıb. Lakin həmin vaxt məsələ rəsmi təsdiqini tapmadı. Həmin məlumatlara görə, Azərbaycana qarşı radikal çıxışlar edən separatçı "Talış Milli Hərəkatı" adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə Moskva vilayətinin Lüberets rayonunda həbs olunub. Rusiya KİV-ri yazmışdı ki, o, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və sentyabrın 6-da saxlanılıb. Sentyabrın 7-də isə Moskva vilayəti Lüberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib. Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

© Photo : Modern"Tolişi Sədo" qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə
Tolişi Sədo qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə  - Sputnik Azərbaycan
"Tolişi Sədo" qəzetinin keçmiş baş redaktoru Fəxrəddin Abbaszadə

Saxlanılan şəxsin dostunun dediyinə görə, poçt vasitəsilə bildiriş alan Abbaszadəni polisə çağırıblar və ona xəbər veriblər ki, Azərbaycanın sorğusu əsasında izahat yazmalıdır. O, təyin olunduğu vaxtda Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinə gəlib və hesab edib ki, onun həbsi üçün yetərincə səbəb yoxdur.

"Əvvəlcə bizə dedilər ki, məhkəmə bir həftədən sonra olacaq. Sonra məlum oldu ki, iclas növbəti günə təyin edilib. Məhkəmə Fəxrəddini Azərbaycanın sorğusunu təmin etmək məqsədilə həbs edib. Bu qərar bizim hamımız üçün gözlənilməz oldu" — deyə talış separatçının dostu bildirib. O, əlavə edib ki, məhkəmənin qərarı Abbaszadənin Azərbaycan vətəndaşı olması ilə əlaqədardır.

Əbilovun sözlərinə görə, hazırda Abbaszadə Moskva ətrafındakı Kolomna şəhərində yerləşən istintaq təcridxanasındadır. Onun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Abbaszadə artıq öz vəkili ilə görüşüb. Əbilovun dediyinə görə, müttəhimin saxlanma şəraiti normaldır. Lakin "professor” üçün həbs əsl şok olub.

Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
Separatçı lider Rusiyaya qaçmaq istəyib

Əbilov onu da deyib ki, Abbaszadə Avropa ölkələrindən birindən siyasi sığınacaq da ala bilərdi. Lakin o, 10 ildən artıqdır yaşadığı Rusiyada qalmaq qərarına gəlib. Separatçıların liderinin dostunun sözlərinə görə, Abbaszadə 2015-ci ildən bu yana heç vaxt Rusiyanın sərhədlərini tərk etməyib. Çünki onun Azərbaycan pasportunun etibarlılıq müddəti başa çatıb. Xaricə çıxmaq üçünsə onun başqa sənədi yoxdur. Onun 2019-cu ilin sonuna qədər Rusiyada yaşamaq hüququ var.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, məhkəmə iclasında Abbaszadənin vəkili deyib ki, onun müvəkkili 2017-ci ilin sonlarında Azərbaycan vətəndaşlığından çıxmaq üçün ərizə yazıb və onu poçt vasitəsilə Azərbaycana yollayıb. Vəkilin sözlərinə görə, Rusiya qanunvericiliyinə əsasən, bunu təsdiq etmək üçün başqa dəlilə ehtiyac yoxdur. Poçt göndərişinin notarial qaydada təsdiqlənmiş surəti kifayətdir ki, Abbaszadənin vətəndaşlqıdan çıxmaq üçün müraciət etdiyi sübuta yetirilsin. Lakin Azərbaycan qanunvericiliyinə əsasən mütləq ərizənin ölkə prezidenti tərəfindən imzalanmasını gözləmək lazımdır.

Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə yaradılmış qondarma "Talış-Muğan Respublikası Milli Məclisinin sədri” təyin olunmuşdu. Ölkə ərazisinin bölünməsinə yönəlmiş separatçı fəaliyyətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus KİV-də də Azərbaycana qarşı separatçı çıxışlar edib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu güman edilir.

Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.

Abbaszadə 1956-cı ildə Lerik rayonunun Blabənd kəndində talış ailəsində doğulub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1981-1995-ci illərdə elə həmin universitetdə dərs deyib. 1993-1995-ci illərdə "Tolişi Sədo" qəzetinin baş redaktoru olub.

Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon - Sputnik Azərbaycan
Separatçı liderin həbsinə beynəlxalq order verildi

Abbaszadə Azərbaycan hökumətini "talışların siyasi assimilyasiyasında və diskriminasiyasında" günahlandırır. O, Azərbaycan ərazilərində "müstəqil talış dövlətinin" yaradılmasını tələb edir.

Fəxrəddin Abbaszadənin beynəlxalq axtarışa verilməsi təşəbbüsü ilə Azərbaycanın Baş Prokurorluğu çıxış edib. 12 iyul 2018-ci ildə talış separatçılarının lideri haqqında cinayət işi açılıb. O, AR Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

Azərbaycan vətəndaşı olan Abbaszadə dəfələrlə dövlət çevrilişinə, "müstəqil talış dövlətinin" yaradılmasına çağırışlar edib, ölkəmizdə yaşayan xalqlar arasında milli nifaq salmağa cəhd göstərib.

Xəbər lenti
0