BAKI, 12 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq İqtisadi Forumunda "Uzaq Şərq: İmkanların sərhədlərini genişləndirərkən" plenar iclasında çıxışı zamanı Rusiya və Yaponiya arasında sülh bağlamağı təklif edib.
"Biz 70 il danışıqlar aparırıq. Sindzo dedi: "Gəlin yanaşmaları dəyişək". Gəlin. Bax mənim ağlıma belə bir ideya gəldi: Gəlin sülh sazişi imzalayacaq – indi yox, ilin sonuna kimi, ilkin şərtlər olmadan" – deyə Rusiya lideri qeyd edib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, həmçinin Yaponiyanı Rusiyanın "təbii tərəfdaşı" adlandıraraq Tokio ilə hərtərəfli əməkdaşlığı genişləndirmək istədiklərini vurğulayıb.
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya prezidentinin ilkin şərtlər olmadan ilin sonuna qədər sülh sazişi imzalanması ilə bağlı təklifini şərh edib: "Biz kursumuza uyğun olaraq sıx danışıqları davam etdirmək niyyətindəyik. Biz dörd şimali adanın kimə məxsus olduğunu məsələsini həll edib sülh sazişi imzalamaq istəyirik. Bu anlamda bizim mövqeyimiz dəyişməzdir".
Qeyd edək ki, Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu olub, Oxot dənizini Sakit okeandan ayırır.
30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.) və çoxlu kiçik ada və qayalardan ibarət olan Sakit okeanın bu bölgəsi iki ölkə üçün strateji əhəmiyyət daşıyır.
Rəsmi Tokio Kuril adalarının mənsubiyyəti ilə bağlı 2-ci dünya müharibəsindən bu yana mübahisə aparır. Yaponiya SSRİ tərəfindən ələ keçirilən bu adaların Rusiyaya aidliyini qəbul etmir.