BAKI, 11 sentyabr — Sputnik. Əgər ömrünüzdə bir dəfə də olsa Bakı avtobuslarından istifadə etmisinizsə, dünyanın heç bir yerində yaşaya bilməyəcəyiniz macəraları yaşamısız demək. Bu macəralar dünyanın başqa yerlərində yaşanmayan nəsə fərqli, misilsiz bir şeydir.
Məsələn, siz tər, tütün, akaqol, sarımsaq, soğan, ucuz və bahalı parfümlərin qarışıq qoxusunu yalnız Bakı avtobuslarında hiss edə bilərsiz. Bu cür qoxular nə Koko Şanelin, nə Kristian Diorun, nə də başqalarının ətir kolleksiyalarında var.
Bakı avtobuslarında mütləq ki, sizi arxadan itələyən qoca bir kişinin göbəyi, qabaqdan itələyən bir qadının dirsəyi olub. Hər an havasızlıqdan boğulmağı, qapı arasında qalıb əzilməyi, kiməsə yanlışlıqla toxunduğunuzda döyüləcəyinizi, qəfil açılan qapıdan asfalta yuvarlanacağınızı düşünmüsüz. Siz bu tərz adrenalini də dünyanın heç bir atraksion cihazlarında yaşaya bilməzsiz.
Bizim avtobus sürücüləri də bir başqa aləmdir. Onlar sükan arxasında siqaret çəkir, tum çırtlayırlar. Onlar sərnişinlərin üstünə bağırır, telefonda yüksək səslə danışıb kimisə söyürlər. Bu, onlar üçün əyləncədir.
Bu sürücülər sərnişin götürmək üçün 30 qəpikdən ötrü hər addım başında saxladığı halda, sərnişinin avtobusdan enməyi üçün dayancaqda saxlamağa belə ərinərlər. Onlara iri pul uzatdığınızda sizin üstünüzə qışqırar, sizi danlayarlar. Öz şəxsi avtomobili imiş kimi bayağı, zövqsüz, sənətdənkənar söz və ritm yığınlarını yüksək səslə dinləyər, sizə də dinlətdirərlər.
Onlar avtobusu hansı sürətlə istəsələr, sürə bilərlər. İstədikləri vaxt 50-60 sərnişinlə yanacaqdoldurma məntəqəsinə girərlər. Onlar qayda-qanun, qadağa, sərhəd tanımazlar. Bu sürücülər daha nələr etməzlər ki?
Bizim sürücülərin avtobusa sərnişin yığması üçün limit də yoxdur. Onlar üçün saman kimi pressləmə prinsipi mövcuddur. Digər tərəfdən isə bu məsələdə özlərinə olduqca mükəmməl bir bəraət də qazandırırlar: plan ödəməliyəm! Günahkar məlumdur. Sistem yanlışdır.
Bu avtobuslar üçün sərnişin sayında limit müəyyən olunmalıdır. Limit keçildikdə cəzalar tətbiq olunmalıdır. Avtobusların içində işlək kameralar quraşdırılmalıdır. İşlək sözünü xüsusi ilə qeyd etdim ki, görünüş xətrinə asılan yox, işləyən kameraların lazım olduğu bilinsin və bu kameralardan avtobuslara mütəmadi nəzarət olunsun.
Sərnişinlə kobud rəftar etmək, sükan arxasında siqaret çəkmək, təhlükəli sürmək, dayanacaqdan kənar saxlamaq, limitdən artıq sərnişin yığmaq, sərnişinlə yanacaqdoldurma məntəqəsinə girmək, ictimai asayişi pozmaq (yüksək səslə danışmaq, söz və ritm yığınlarını sərnişinlərə zorla dinlətdirmək və s.), sükan arxasında telefonla danışmaq, sürət həddini aşmaq, yol hərəkəti qaydalarını pozmaq – bütün bunlara ancaq Bakı avtobuslarında rast gəlmək olar.
Qəribəsi odur ki, bunların əksəriyyətinin qanuni cəzaları var. Amma qətiyyən tətbiq olunmur. Digərlərinin isə heç kim üçün əhəmiyyəti yoxdur. Lakin sürücülər nitq mədəniyyəti, sərnişinlərlə rəftarı, apardığı insan kütləsi üçün həm də zehni-mənəvi məsuliyyət daşıması da mühüm məsələdir.
Bir də ki, kart sistemi ilə çalışan avtobuslar var. Amma bunlar şəhər mərkəzində mövcuddur və köhnə avtobuslardan sayca azdır. Bu avtobusların da sadəcə özləri təzədir. Sürücüləri və sərnişinləri elə köhnə azərbaycanlılardır.
Məsələn, bir dəfə bu təzə avtobusda şahid oldum ki, sürücü ürəyi istədiyi qədər sərnişin yığır. Limit onu maraqlandırmır. Axı o, plan ödəməli deyil. Limit dolduğu halda bu sürücü hələ içəridəkilərə əmr edirdi ki: Sıxlaşın! Ortaya keçin! Biraz mehriban olun!
İstədim deyəm ki, biz xalq olaraq elə ancaq avtobuslarda mehriban ola bilirik. O da ki, cismən. Sonra o avtobusun mənim bu fəlsəfi fikrim üçün çox kiçik olduğunu görüb susdum. Həm də pis söz deyil: Mehriban olun!