Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Donald Trampın böyük təhdidi blef çıxdı

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ-ın ÜTT-nin üzvü olan bir sıra ölkələrlə xarici ticarətində ciddi kəsir var və bu kəsirləri uzun müddətdir ardan qaldıra bilmir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyini açıqlayıb. Onun sözlərinə görə, ÜTT ABŞ-la daha yaxşı davranmalıdır: "Əgər şərtlərimizlə razılaşmasalar, təşkilatdan çıxarıq".

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında ABŞ-ın ÜTT-dən çıxıb-çıxmayacağı ilə bağlı məsələni şərh edib. O bildirib ki, şübhəsiz, ABŞ-ın ÜTT-dən çıxması dünya iqtisadiyyatı üçün çox böyük bir hadisə ola bilər: "Amma bunun baş verəcəyini düşünmürəm. Çünki ABŞ ÜTT-nin qurucularından biridir və o zaman da kifayət qədər əlverişli şərtlərlə bu təşkilatın üzvü olub. Bu baxımdan, ÜTT ABŞ-ın xarici ticarət siyasətini o qədər məhdudlaşdıran bir təşkilat deyil".

E.Bağırzadənin sözlərinə görə, sadəcə ABŞ-ın ÜTT-nin üzvü olan bir sıra ölkələrlə xarici ticarətində ciddi kəsir var: "ABŞ bu kəsirləri uzun müddətdir ardan qaldıra bilmir. Söhbət Çindən, Almaniyadan və digər ölkələrdən gedir. Son vaxtlar ABŞ prezidenti Donald Trampın bu ölkələrə qarşı aqressiv siyasət yürütməsi, onlarla ticarətdə müəyyən gömrük rüsumları tətbiq etməyə çalışması və tətbiq etməsi bundan irəli gəlir. ABŞ bu təşkilatın qurucusu olaraq ÜTT-dən imtina etməyəcək. Çünki ÜTT-nin özü də ABŞ-a çox böyük imkanlar yaradır".

"Trampın açıqlamasını, iqtisadi baxımdan izah edilə bilməyəcək bir sıra bəyanatlarından biri kimi qəbul edirəm. Düşünürəm ki, ABŞ ÜTT-dən çıxmayacaq. Əgər bu, baş versə, dünya ticarətində yeni mərhələnin başlanğıcı deməkdir" — deyə ekspert qeyd edib.

Onun fikrincə, ABŞ dünyada hərbi-siyasi gücünü qoruyub saxlasa da, artıq bir neçə 10 ildir ki, iqtisadi gücü digər güclər ilə əvəz olunmağa başlayıb: "Söhbət əsasən Çindən, Cənub-Şərqi Asiya ölkələrindən gedir. ABŞ iqtisadi gücünü yenidən bərpa etmək üçün bu cür addımlar atmağa çalışır. Xüsusilə informasiya texnologiyalarına əsaslanan dünya iqtisadiyyatında daxili bazarın qorunmasına istiqamətlənmiş addımlar, ABŞ-a qısamüddətli müəyyən faydalar gətirsə də, uzunmüddətli dövrdə elə də faydalı olmayacaq".

Ümumdünya Ticarət Təşkilatı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
ABŞ-ın tərk etmək istədiyi təşkilata Azərbaycan niyə daxil olmalıdır?

"Onsuz da müasir texnologiyalar imkan verir ki, inkişaf etmiş ölkələr artıq zəif inkişaf etmiş ölkələrin ucuz işçi qüvvəsindən asılı vəziyyətdə qalmasın. Məsələn, ABŞ bu ölkələrdən biridir. ABŞ kimi ölkələr orta və uzun müddətli dövrdə zəif inkişaf etmiş ölkələrdən o qədər də asılı olmayacaq. ABŞ-ın Silikon Vadisini götürsək, orada yaradılan dəyəri nəzərə alsaq, bunu görmək mümkündür" — deyə ekspert bildirib.

İqtisadçının sözlərinə görə, Trampın əsas arqumenti odur ki, ABŞ sərmayəsi Çinə, Avropaya və digər ölkələrə yönəlir və daxildə işsizlik yaranır: "Onun həlli yolu da düşünmürəm ki, Trampın atdığı bu addımlardan keçir. Bunun qısamüddətli dövrdə müəyyən effekti olsa da, orta və uzun müddətli dövrdə elə də faydası olmayacaq".

E.Bağırzadə diqqətə çatdırıb ki, dünya iqtisadiyyatının bir gedişi var və bu, azad ticarətə əsaslanır: "Qloballaşma haqqında nə qədər ziddiyyətli fikirlər irəli sürsək də, qloballaşmadan inkişaf etmiş ölkələr, başda ABŞ olmaqla, çox şey qazanıb. Elə inkişaf etməkdə olan ölkələr də bu prosesdən kifayət qədər qazanıb".

"Düşünmürəm ki, ABŞ bu gedişatdan imtina etsin və bunu kəskin şəkildə dəyişdirsin" — deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Tramp keçən ay verdiyi açıqlamada ÜTT-nin illərlə ABŞ-la pis rəftar etdiyini deyərək, təşkilatın fəaliyyət istiqamətlərini dəyişməsini məsləhət görmüşdü. ÜTT-dəki ABŞ ticarət təmsilçisi Robert Liqzizer isə yanvar ayında verdiyi açıqlamada Çinin 2001-ci ildən ÜTT-yə üzv olmasını səhv addım kimi xarakterizə etmişdi.

Mütəxəssislər hesab edirlər ki, ABŞ ÜTT-dən çıxacağı təqdirdə dünya iqtisadiyyatı və ticarət münasibətləri arzuolunmaz mənzərə ilə üzləşəcək.

Xəbər lenti
0