BAKI, 10 sentyabr — Sputnik. “Prezident Vladimir Putinin Bakı səfərindən sonra Azərbaycan və Rusiya daha yaxın və daha səmərəli əməkdaşlıq edəcək, qarşılıqlı ixrac imkanları genişlənəcək”. Bunu Sputnik Azərbaycan-a rusiyalı politoloq Pavel Klaçkov Putinin gözlənilən Bakı səfərini şərh edərkən deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək. Bu barədə Rusiya KİV-lərinə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
Klaçkovun fikrincə, Putinin Bakı səfərində əsas vurğu iqtisadi əməkdaşlıq məsələlərinin üzərinə qoyulacaq. Hazırda biz bunun üçün əlverişli perspektiv yarandığını müşahidə edirik. Sənaye, maşınqayırma, nəqliyyat, energetika sahəsində əməkdaşlıq imkanları genişlənir.
"Mən özüm dəfələrlə Bakıda olmuşam və görürəm ki, turizmin inkişafı üçün əhəmiyyətli perspektiv var" — politoloq bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbəti Rusiya tərəfdən Azərbaycan iqtisadiyyatına milyardlarla dollar mümkün sərmayə qoyuluşu imkanlarının olduğunu qeyd edib. Onun fikrincə, buna ən yaxşı misal SOCAR və Rusiya tərəfinin əməkdaşlığıdır. Həm də hazırda əczaçılıq sənayesi də əməkdaşlıq üçün açıqdır. Maliyyə, bank və sığorta sektorunda da fəal əməkdaşlıq mümkündür.
"Odur ki, iqtisadiyyat və nəqliyyat marşrutlarının, sənayenin real inkişaf perspektivləri ilə qarşı-qarşıyayıq" — deyə politoloq vurğulayıb.
Klaçkovun sözlərinə görə, təhlükəsizlik məsələlərini də unutmaq lazım deyil. Bakı bütün Cənubi Qafqazın təhlükəsizliyində başlıca rol oynayır. Burada Bakının mövqeyindən çox şey asılıdır. Moskva bunu əla başa düşür. Bununla əlaqədar olaraq Rusiya Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri qurur.
Onun fikrincə, Rusiya prezidentinin Azərbaycana səfərinin uğurlu nəticələri olacaq. Bu iki ölkə daha sıx və daha dostcasına əməkdaşlıq edəcək, qarşılıqlı ixrac imkanlarını genişləndirəcəklər.
"Putinin səfəri yüksək səviyyədə keçəcək və əməkdaşlığımızın dəyərini daha yaxşı anlamaq və inkişaf etdirmək üçün onu gözləyirik" — Klaçkov deyib.
İlin sonunda Moskvada Rusiya, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli sammitin keçiriləcəyini vurğulayan politoloq qeyd edib ki, bu ölkələri təkcə ümumi tarix, coğrafiya deyil, həm də toplanmış böyük kapital və əməkdaşlıq təcrübəsi birləşdirir.
Klaçkovun sözlərinə görə, üç ölkə arasında terrorizm təhlükəsi, Xəzər dənizi, qarşılıqlı investisiyalar, nəqliyyatla bağlı məsələlər də var. Azərbaycan burada əsas həlqədir, çünki o həm İranla, həm də Rusiya ilə həmsərhəddir. Bu baxımdan da hər üç ölkə özünün dəmir yollarını, eyni zamanda strateji əhəmiyyətli "Şimal-Cənub" transmilli layihəsini inkişaf etdirməlidir.
Politoloqun fikrincə, bu qəbildən olan birinci sammitin Rusiyada keçirilməsi onu göstərir ki, bu əməkdaşlıq müəyyən məntiqə əsaslanır.
Bütün bunlarla yanaşı, əvvəllər müzakirə olunan humanitar, enerji, geosiyasət, eləcə də digər sahələrdəki əlaqələrin qurulması ilə bağlı məsələlər Moskvada konkret həllini tapacaq, nazirliklərə və idarələrə onların həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar veriləcək.
"Və bütün bu sahələrlə bağlı irəliyə doğru addım gözləmək lazımdır" — deyə o bildirib.
Bununla yanaşı, politoloq deyib ki, terror təhlükəsi ilə mübarizədə, öz növbəsində Yaxın Şərqdə və Əfqanıstanda, digər qeyri-sabit bölgələrdə Rusiya, İran və Azərbaycanın üçtərəfli əməkdaşlığı olmadan, problemlərin öhdəsindən gəlmək mümkün deyil. Bu əməkdaşlıq həmin məsələlərdə sabitlik faktorudur.
Klaçkov hesab edir ki, qarşıdan gələn Rusiya sammitində qardaşlıq atmosferi olacaq. Bu, əməkdaşlığın ən gözəl formasıdır. Hətta demək olar ki, belə bir əməkdaşlığın necə həyata keçirildiyinin bariz nümunəsidir.