BAKI, 5 sentyabr — Sputnik. Trabzonda Atatürkün vəsiyyətini yazdığı evdə gizli tunel aşkar edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, evdə "veranda" olaraq bilinən otağın altında gizli keçid olduğu müəyyən edilib.
Yerə döşənmiş plitələr çıxarıldıqdan sonra girilməsi mümkün olan dəhliz 150 metr uzanır. Bu dəhlizin 1890-cı illərdə qazıldığı güman edilir. Onun hücum zamanı sığınacaq kimi istifadə edildiyi bildirilir.
Dəhlizin sonunda qazılan çuxur illərlə istifadə edilib. Muzeyin direktoru Əli Mahir Pak da tapıntı barədə danışaraq, oranın su anbarı kimi də istifadə edildiyini bildirib. Çünki həmin zaman Trabzonda ciddi su çatışmazlığı olub.
Bina 1890-cı ildə şam meşəsində Kostantin Kabayanids tərəfindən tikilib. Avropa və Qərb memarlığından istifadə edilərək tikilmiş binada Avropa simvollarından istifadə edilib.
Xatırladaq ki, 15-17 sentyabr 1924-cü il tarixlərində Atatürk Trabzona gəldiyi zaman Trabzon muzeyi olaraq fəaliyyət göstərən köşkdə qonaq olub. Daha sonra isə bina 1930-cu ildə Atatürkə verilib. Atatürk son dəfə 1937-ci ildə 2 gün bu köşkdə gecələyib. Və o bu köşkdə bütün var-dövlətini türk xalqına hədiyyə etmək qərarı barədə vəsiyyətnamə yazıb. Atatürk oradaca bütün var-dövlətinin siyahısını tutaraq, baş nazirə göndərib.
Hazırda muzeydə XIX–XX illərə aid mebellər, xalılar və Atatürkə aid tablolardan ibarət etnoqrafik xüsusiyyətli 344 ədəd əsər nümayiş etdirilir.