Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hansı qadağalar gözlənilirdi, hansılar gəldi

© Sputnik / Anar MustafayevРекламные щиты, фото из архива
Рекламные щиты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nələrin reklamı qadağan oluna bilər ki, bunun sevinci bütün məmləkəti ağuşuna alsın?

BAKI, 3 sentyabr — Sputnik. Həftəsonu bir xəbər başlığı diqqətimi çəkdi: "Azərbaycanda daha bir sıra məhsulların reklamı qadağan olundu". Maraqlı gəldi, bir az da sevindirici. O xəbərin içərisində illərdir ürəyimizdən keçənlərin həyata keçdiyini görmək müjdəsi gizlənmiş ola bilərdi.

Билборд для рекламы в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda bəzi məhsulların reklamı qadağan edildi

Bəs, nələrin, hansı məhsulların reklamı qadağan oluna bilər ki, bunun sevinci bütün məmləkəti ağuşuna alsın? Məsələn:

— Gündəlik rasionumuzda istifadə etdiyimiz yerli istehsal ərzaq məhsullarının 2/3 hissəsinin: Xüsusilə tərkibinə nə qatıldığı bəlli olmayan kərə və bitki yağları, kolbasa-sosiskalar, çaylar, spirtli-spirtsiz içkilər. (Sağlam canımıza qəsd etsinlər e, bari bəh-bəhlə reklam etməsinlər)

— Mobil operatorların bir-birinin bəhsinə girərək camaata sırıdığı məhsulların: Adı təzə, özü köhnə kampaniyalar, soyğunçu tarif paketləri, abunəçidən xəbərsiz balansından oğurluq etməklə məşğul olan SMS-bildirişlər. (Oğurlasınlar e, bari bəh-bəhlə reklam etməsinlər)

— Vətəndaşları internetə girişlə təmin etməli və onunla əlaqədar digər zəruri kompleks xidmətlər göstərməli olan təşkilatların — provayderlərin, guya təklif etdiyi (əslində məcburi qəbul etdirdiyi və zor-xoş qəbul etdiyimiz) məhsulların: Tısbağa sürəti, 1 al-3 ödə paketləri, sutka ərzində dəfələrlə ürəyi gedən trafik və s. (Haqqımıza girsinlər e, bari bəh-bəhlə reklam etməsinlər)

— Bankların ilk baxışdan parlaqlığı göz qamaşdıran xidmətlərinin: 26-40 faiz arasında "şellənən" kreditlər, utanmasa, sahibi ilə şərik olacaq plastik kartlar, yatırdıqdan sonra vətəndaşın əli ürəyinin üstündə qalan əmanətlər, məbləğin babat hissəsini qapazlayan pul köçürmələri. (Qapazlasınlar e, bari bəh-bəhlə reklam etməsinlər)

Медицинские инструменты, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bəzi xidmətlərin reklamı qadağan olundu

— Efiri zəbt etmiş zay məhsulların: Yüzdə doxsan doqquz bir-birinin təkrarı olan bayağı verilişlər (və onların aparıcıları), biabırçı şoular (və onların qonaqları), cəmiyyətin hisslərinə təcavüz edənlər (və onların alqışçıları). (Mənəviyyatımıza zor tətbiq etsinlər e, bari bəh-bəhlə reklam etməsinlər)

— Eyni maxinasiyaları eyni şövqlə əhalinin gözünə soxmağa çalışan MTK-ların özlərinin və təkliflərinin: 100 kvadrat adı ilə 70 kvadratının pulu alınan mənzillər, real dəyərindən 2-3 dəfə yüksək olan məbləğlər, ən azından yaxın 10 ildə yerinə yetirilməyəcək kommunal vədlər və ən əsası, tam başa çatma ehtimalı 50/50 dəyərləndirilən tikinti prosesi. (Yenə aldatsınlar e, bari bəh-bəhlə reklam etməsinlər)

Uzun sözün qısası, belə arzularımız var. Yəni, belə qadağaların tətbiq olunması, heç olmasa bir təsəlli olar. Ki: "Filankəs məni yağlı vədləri ilə tora sala bilmədi, özüm bilərək düşdüm", "Bəsmənkəs başımı bişirərək məni bu quyuya salmadı ha, özüm könüllü tullandım", ya da "Ağlama, bala, özü yıxılan ağlamaz"…

Və bu təmənna ilə daxil oldum sözügedən xəbərin içərisinə:

"Reklamı qadağan olunan əmtəələrin Siyahısı"nın təsdiq edilməsi barədə" baş nazir qərar imzalayıb. Nəticədə "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"na 16-cı (Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr) əlavə edilib:

1. İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar;

2. İşlənilmiş batareyalar;

3. İstifadə olunmuş şinlər;

4. İşlənilmiş sürtkü və mühərrik yağları.

P.S.

… Bunlar da çox aktual, faydalı və arzuolunan qadağalardır. Xüsusilə, 3-cü bənddəki…

Xəbər lenti
0