BAKI, 1 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatının (ÜTT) fəaliyyətini kəskin tənqid edib. Tramp bu təşkilatı üzvlükdən çıxmaqla təhdid edib.
Ağ Evin sahibi ÜTT-də təcili islahatlar aparıb, səmərəli fəaliyyətini təmin edilməsinin vacibliyini vurğulayıb. "Blommberg"ə açıqlamasında ÜTT-nin ABŞ-a münasibətinə görə kəskin tənqid edən Tramp deyib ki, əgər islahatlar aparıb inkişaf etməzlərsə, ölkəsi ÜTT-nin üzvlüyündən çıxacaq.
Tramp administrasiyası Ümumdünya Ticarət Təşkilatı çərçivəsində Çin, Avropa İttifaqı, Kanada, Meksika və Türkiyənin son addımlarını mübahisə predmetinə çevirir. ABŞ-ın ticarət nümayəndəsi Robert Laytayzer deyib ki, həmin ölkələr tərəfindən ABŞ-dan ixrac edilən məhsullara ümumi dəyəri 28.5 milyard dollar həcmində tətbiq edilən cavab tarifləri Ümumdünya Ticarət Təşkilatı qaydalarına ziddir. Tramp administrasiyasının fikrincə, alüminium və polada tətbiq edilən orijinal tariflər milli təhlükəsizlik narahatlığından irəli gəlirdi və həmin tariflər cavab addımları deyildi. Ümumdünya Ticarət Təşkilatından bildiriblər ki, ölkələrin qərar qəbul edərkən milli təhlükəsiz maraqları ilə bağlı narahatlıqlarını ifadə etmək imkanı mövcuddur. Beynəlxalq Valyuta Fondu xəbərdarlıq edib ki, ticarətlə bağlı artmaqdan olan münaqişə dünya iqtisadiyyatına hədə altına qoyur.
Qeyd edək ki, bundan öncə də Tramp Ağ Evdə köməkçilərinə bu təşkilatdan çıxacağı ilə bağlı fikirlərini bildirib. Bununla belə, Ağ Evdə yüksək çinli məmurlar ABŞ-ın bu təşkilatdan çıxmasının hələlik məqbul saymırlar.
İyul ayında ABŞ-ın ticarət naziri Uilbur Ross CNBC-yə açıqlamasında ölkəsinin hələlik bu təşkilatdan çıxmasının məqsədəuyğun olmaması ilə yanaşı, vaxtından əvvəl hərəkət adlandırıb. Buna baxmayaraq, amerikalı nazir də ÜTT-də islahatların aparılmasının vacibliyini qeyd edib. O deyib ki, ÜTT fəaliyyətini yeniləməlidir.
ABŞ prezidenti Donald Tramp polad idxalına 25, alüminium idxalına isə 10 faiz rüsum tətbiq olunduğunu bəyan edəndən az sonra Çin hökuməti də hərəkətə keçdi. Pekin elan etdi ki, avtomobil, kimyəvi məhsullar, tütün və soya daxil olmaqla, ABŞ-dan idxal edilən 106 adda məhsula əlavə 25 faiz dəyərində yeni tariflər tətbiq edəcək. Məlum qərar ABŞ-ın Çin məhsullarının rüsumlarını artırmağa başladığı vaxtdan qüvvəyə minəcək.
Çin bu addımın Birləşmiş Ştatların ölkədən idxal olunan təxminən 1300 adda məhsula (informasiya və kommunikasiya texnologiyaları, elektrik avadanlıqları, aviasiya üçün ehtiyat hissələri, "sputniklər", dərman preparatları, maşınqayırma ləvazimatları və s.) əlavə tariflər tətbiq etməyə hazırlaşmasına dair son qərarına cavab olduğunu bildirdi. Bu məhsulların idxalına ildə 50 milyard dollar sərf olunurdu.
Çinin Vaşinqtondakı səfirliyi açıqlayıb ki, ABŞ-ın bu addımları nə Pekinin, nə də Birləşmiş Ştatların maraqlarına uyğundur. Çinin Ticarət Nazirliyi isə bəyan etdi ki, ticarət sahəsindəki istənilən qərara cavab vermək iqtidarındadırlar. Üstəlik, məsələ ilə bağlı Ümumdünya Ticarət Təşkilatına və qurumun arbitraj instansiyalarına müraciət olunacaq. Çinin fikrincə, ABŞ-ın məlum addımları Ümumdünya Ticarət Təşkilatının ruhunu və əsaslarını məhv edir.
Ticarət Nazirliyi ABŞ-ın qərarını əsassız adlandırıb və bunu ticarətdə birxətli siyasət aparmaq kimi qiymətləndirib. Nazirliyin bəyanatında o da bildirilir ki, Birləşmiş Ştatlar bu yolla istehlakçı tələbatını heçə saymış olur.
O da məlum olub ki, Birləşmiş Ştatlar hələ ki, geyimə rüsum tətbiq etməyəcək. Vaşinqton hesab edir ki, bu halda amerikalı istehlakçılara birbaşa zərbə dəyə bilər. Bununla belə, mətbuat Birləşmiş Ştatlarla Çin arasında ticarət savaşının getdikcə qızışacağını yazır.
Bəzi ekspertlər belə hesab edir ki. Trampın hədəfi heç də Çin bazarına güc yolu ilə nüfuz etmək deyil. O çalışır ki, Çin bundan sonra yüksək texnologiyalara sahib olmasın. Bu, ticarət savaşından daha irəlidir və innovasiyalar uğrunda savaşdır. Tramp Çinin ABŞ-ın texnologiyaları və innovativ potensialına çıxışının qarşısını almaq istəyir. Çinin islahat prosesinin əsasını xarici texnologiyaların əldə olunması, hətta oğrulanması təşkil edirdi. Tramp hesab edir ki, Çinin texnologiya nəhənginə çevrilməsi Birləşmiş Ştatların təhlükəsizliyinə təhdid yaradır. Ona görə də Trampın məqsədi ABŞ-ın rəqibini bu gücdən məhrum etməkdir.
Çin lideri öz çıxışlarında azad ticarət tərəfdarı olduğu görüntüsünü yaratmağa çalışır və Çin bazarını açmaq niyyətində olduğunu bəyan edir. Amma nədənsə Çindəki xarici müəssisələr bunu hiss etmirlər. Çin 2025-ci ilədək Qərbin əlindən texnologiya liderliyini almaq istəyir. Bəs bu halda cərimə cəzaları və sanksiyalar köməyə gələ bilərmi? Avropa Parlamentinin ticarət komitəsinin sədri Brenda Lange ehtiyat edir ki, iki iqtisadi güc arasında yaranmış münaqişə gərginləşərsə, pis vəziyyətdə qalan Avropa Birliyi olacaq.
Çinlə qarşıdurmaya köklənən, Suriya və Ukraynada zərbə alan Tramp belə bir məqamda Türkiyə və Rusiya ilə münasibətini tənzimləmək zorunda qalır. Tramp Birləşmiş Ştatları bütün dünyanın düşməninə çevirir. Bunun isə bədəli ağır ola bilər…