BAKI, 1 sentyabr — Sputnik. İngiltərənin “Arsenal” və Ukraynanın “Vorskla” klublarının oyunçuları Henrix Mxitaryan və Qeqam Kadimyanın UEFA Avropa Liqasında “Qarabağ”la Bakıdakı qarşılaşmalarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Sputnik Azərbaycan-ın məlumatına görə, məsələ ilə əlaqədar Trend-ə açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, komandaların “Qarabağ”la oyun üçün iştirak ərizəsindən sonra bu məsələyə qayltmaq olar.
H.Hacıyev qeyd edib ki, bununla bağlı XİN-ə daxil olacaq hər hansı müraciətə baxılacaq.
“Arsenal”ın sözçüsü isə bildirib: “Bizim bütün futbolçularımız və əməkdaşlarımızın təhlükəsizliyi məsələsi həmişə prioritetlər siyahısında yuxarı pillədə dayanır. Biz futbolçu ilə danışdıqdan sonra qərar qəbul edəcəyik”.
"Qarabağ" Bakıda "Arsenal"la oktyabrın 4-də, "Vorskla" ilə 25-də qarşılaşacaq.
Xatırladaq ki, Avropa Liqasının 2015/16 mövsümündə o vaxt Dortmund “Borussiya”sının futbolçusu olan H.Mxitaryan Azərbaycanda “Qəbələ” klubu ilə oyunu buraxmışdı.