BAKI, 24 avqust — Sputnik. Yasir Ərəfat (ərəb یاسر عرفات, tam adı Məhəmməd Əbdürəhman Əbdürauf Ərəfat əl-Qüdvə əl-Hüseyni; 24 avqust 1929 — 11 noyabr 2004) — Fələstin milli muxtariyyətinin 1-ci sədri (1994-2004), Fələstin Azadlıq Təşkilatının (FAT) lideri (1969-2004) və Nobel Sülh mükafatı laureatı (1994). FƏTH siyasi partiyasının qurucu üzvü olmaqla bərabər, 1959-cu ildən 2004-cü ilə qədər bu partiyaya rəhbərlik edib. Ərəb milliyətçiliyi ideologiyasına sadiq idi. Fələstinin azadlığı üçün İsrailə qarşı mübarizə aparıb. Əvvəllər, İsrailin bir dövlət kimi varlığına qarşı çıxmasına baxmayaraq, 1988-ci ildə BMT Təhlükəsizlik Şurasının 242 saylı qərarını qəbul edərək bu fikrini dəyişdirib.
Ərəfat 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində FƏTH təşkilatı daxilindəki mübarizə nəticəsində İordaniya ilə açıq şəkildə qarşı-qarşıya qaldıqda çətin vəziyyətdə qalıb. Çox çətinliklə İordaniyadan çıxarılan və Livana yerləşən Ərəfat və FƏTH təşkilatı ölkənin işğala məruz qaldığı 1978 və 1982-ci illər aralığında İsrailin hədəfi olub. Siyasi baxışlarından asılı olmayaraq, fələstinlilərin çoxu Ərəfatı azadlıq döyüşçüsü kimi tanıyırdı. Bunun tam əksi olaraq, israillilərin əksər hissəsi isə təşkilatın mülki insanlara qarşı həyata keçirdiyi bir çox hərəkətinə görə onu terrorçu olaraq görməkdədir.
Həyatının son dövrlərində FAT və İsrail arasında onilliklər boyunca davam edən anlaşılmazlığı sona çatdırmaq üçün İsrail hökuməti ilə bir sıra müzakirələr aparıb. Bu cür danışıqlara 1991-ci ildə Madrid konfransı, 1993-cü ildə Oslo anlaşması və 2000-ci ildə təşkil olunan Kemp-Devid sammitini aid etmək olar. Danışıqlar zamanı islamçılar və FAT-ın bəzi solçu üzvləri onu İsrail hökumətinə qarşı çox kompromisə getdiyinə görə qınayıblar. O, 1994-cü ildə Osloda həyata keçirilən danışıqlara görə İshaq Rabin və Şimon Pereslə birlikdə Nobel Sülh mükafatına layiq görülüb. Bu əsnada Həmas və digər hərbi-siyasi təşkilatlar gücü ələ keçirərək FƏTH və Ərəfatın nüfuzunu sarsıdıblar.
2004-cü ilin sonlarında iki ildən çox müddət ərzində İsrail Ordusu tərəfindən Ramallahda yerləşən binada ev dustağı şəkilində saxlanılan Ərəfat komaya düşüb və vəfat edib.
Onun zəhərlənərək öldürüldüyü iddia edilir.