Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 22 avqust — Sputnik. Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyov Bakıda əfsanəvi Azərbaycan ifaçısı, SSRİ xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılmasının gecikməsi ətrafında yaranmış söz-söhbətlərə son qoymaq məqsədilə müğənninin həyat yoldaşı Tamara Sinyavskaya ilə əlaqə saxlayıb.
Aktyor Sputnik Azərbaycan-a verdiyi açıqlamada qeyd edib ki, Tamara Sinyavskayaya zəng edərək sosial şəbəkələrdə narahatlıqla müzakirəyə çıxarılmış bu məsələni aydınlaşdırıb.
"Tamara xanım bu məsələyə laqeyd qalmayan hər kəsə təşəkkür etməyimizi istədi. Həmçinin həmin şəxslərin nəzərinə çatdırmağımızı rica etdi ki, o, bu dəfə Azərbaycana təkcə Müslüm Maqomayevin ad gününü qeyd etmək üçün gəlməyib. O, eyni zamanda sözügedən abidənin qoyulması ilə bağlı məsələləri dəqiqləşdirmək üçün gəlib. Proses gedir və yekun təsdiq mərhələsindədir. Müslüm Maqomayevin abidəsi ucaldılacaq və bu, yaxın zamanlarda baş verəcək" — deyə Əmirbəyov Tamara Sinyavskayanın fikirlərini çatdırıb.
Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Musiqi məktəbinin fortepiano sinfini, sonra isə musiqi məktəbi və Azərbaycan Dövlət Konservatoriyasının vokal siniflərini bitirib. 1963-cü ildə Maqomayev öz konserti ilə Moskvanı fəth edib. Onun uğurları dildən-dilə düşüb. O, təkcə estrada mahnılarını deyil, opera əsərlərini də sərbəst şəkildə ifa edib. 1964-cü ildə Maqomayev Milanın "La Skala" opera teatrına birillik təcrübə toplamağa gedib.
1997-ci ildə Günəş sistemindəki astronomlara 1974 SP1 nömrəsi ilə tanış olan kiçik planetlərdən birinə onun adı verilib. Müslüm Maqomayev 25 oktyabr 2008-ci il tarixində 66 yaşında dünyasını dəyişib. O, Bakıdakı Fəxri Xiyabanda dəfn edilib. Əgər yaşasaydı, bu il onun 76 yaşı olacaqdı.