BAKI, 13 avqust — Sputnik. "LukOyl" neft şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan Şamsuarov 2016-cı ilin noyabr ayında medianın gündəminə düşmüşdü. Həmin vaxt o, səhər vaxtı Moskvada dostları ilə birlikdə avtomobil yarışına çıxmışdı.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə Şamsuarovun "Gelandewagen"i bir neçə polis maşınına dəyərək həyətin çəpərini uçurmuş və qazonu korlamışdı. Ruslan məhkəmənin qərarı ilə 300 saatlıq islah işlərinə cəlb olunmuşdu. Onun "Gelandewagen"i isə dövlət tərəfindən müsadirə edilmiş və elektron ticarət yolu ilə satılmışdı.
Qubkin adına Dövlət Neft-Qaz Universitetinin "ulduz" tələbəsinin avtomobil düşkünü olduğu və "avtoş"larla gecə yarışlarına çıxdığı məlumdur. Polis tərəfindən yaxalandığı yarış zamanı "Gelandewagen"in salonunda “əfsanəvi” küçə yarışçısı, 13 yaşından kartinqlə məşğul olan peşəkar "avtoş" Mara Baqdasaryan (atası Elmar Elmiroviç Baqdasaryan "Nuçar" ASC-nin sahibidir, ətin topdan satışı ilə məşğul olur-red.) da varmış. Onlar birlikdə yol hərəkəti qaydalarını 20 dəfədən artıq kobud surətdə pozublar və öz qorxunc yarışlarını canlı surətdə internetdə yayımlayıblar. Onlar bu yarışlar zamanı öz təqibçilərinə qarşı ədəbsiz ifadələr işlədiblər. Bu gəncləri dəfələrlə saxlayıblar, cərimələyiblər, 10-15 sutka iş veriblər. Baqdasaryan təkcə 2015-ci ildə yol hərəkəti qaydalarını pozduğuna görə, 150 dəfə cərimələnib, 1 milyon rubldan (25 min manata yaxın) çox pul ödəyib. Amma bütün bu inzibati tədbirlər, Moskvanın biznes elitasının uşaqlarına dərs olmayıb.
Hazırda öz avtomobil parkını genişləndirən Şamsuarov avtomobil hobbisini biznesə çevirmək qərarına gəlib. Avtoxuliqanlığa görə sonuncu dəfə həbsdə yatıb-çıxandan sonra o, biznes planını reallaşdırıb.
SPARK iş bazasının (burada şirkətlər haqqında məlumatlar yayımlanır və informasiyalar daim yenilənir) müxbirlərinə məlum olub ki, Ruslan Şamsuarov "Katrina" şirkətinin ortağı olub. Hazırda o, bu şirkətin səhmlərinin 30%-nın sahibdir.
"Katrina" şirkəti Moskva vilayətinin Odinsov rayonunda qeydiyyatdan keçib. Bu ASC-nin sənədlərində fəaliyyət istiqaməti "Avtonəqliyyat vasitələrinin satışı" kimi göstərilib. Bundan əlavə, firma maşınların təmiri, avtomobillərin ehtiyat hissələrinin və yanacağın satışı ilə də məşğuldur.
Şamsuarovun biznes ortağı Pavel Kryukov adlı sahibkardır. "Katrina" ASC-nin səhmlərinin 70%-i ona məxsusdur. Lakin o, hələlik "Katrina"nın yeni ortağı ilə bağlı hər hansı şərh verməkdən imtina edir.