BAKI, 6 avqust — Sputnik. Ekoloji cinayətlərə qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublikanın ayrı-ayrı rayonlarında yerləşən qum-çınqıl yataqlarında karxanaların fəaliyyətinin monitorinqini aparıb. Məlum olub ki, bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilən qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulub. Bunun nəticəsində ətraf mühitə, infrastruktur obyektlərinə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükənin yaranması, çay məcralarının kəskin eroziyaya məruz qalması müəyyən edilib.
Qum-çınqıl yataqlarında hüquqi və fiziki şəxslərə məxsus 96 karxananın fəaliyyətində aşkarlanan qanun pozuntuları ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə 8 cinayət işi başlanaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılır.
Qeyd edilən cinayət işlərinin materiallarından 6-sı ayrıca icraata ayrılaraq istintaqı tamamlanıb.
Həmin işlər üzrə aparılmış istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin rəhbəri Manaf Şirinov, "Titanik-5" MMC-nin rəhbəri Şahin Məmmədov, "Azvirt" MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, "Alyans" MMC-nin rəhbəri Nəriman Yəhyayev, "Gülövşə" MMC-nin rəhbəri Mahir Allahverdiyev və "Qara-Qum Holdinq" MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hazırda bu sahədə istintaqı aparılan digər cinayət işləri üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.