Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 2 avqust — Sputnik. Xəbər verdiyimiz kimi, dünən Bərdə rayonunun Hacallı kəndində dəhşətli hadisə baş verib. Belə ki, öncə yol qəzası olduğu bildirilən, daha sonra qətl olduğu dəqiqləşən hadisə yerindən muğam müsabiqəsinin iştirakçısı olmuş Miryusif Mirizadənin meyiti tapılıb. Daha sonra yaxınlıqdakı Qarabağ kanalından onunla eyni avtomobildə olmuş dostu gənc xanəndə Novruz Hüseynovun meyiti aşkarlanıb.
Baş verən dəhşətli hadisə ilə bağlı Miryusif Mirizadənin dayısı oğlu Səbuhi İbayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, ilkin ehtimala görə, Miryusifi elə dostu Novruz Hüseynov öldürüb: "Novruz sonra da özünü Qarabağ kanalına atıb. Dünən aparılan axtarışlar sayəsində onun da meyiti Qarabağ kanalından tapılıb".
"Şahidlər olmadığına görə hələlik qətlin səbəbi, baş vermə şəraiti, niyə yol-nəqliyyat hadisəsi görüntüsü verildiyi müəmmalı olaraq qalır" — deyə S.İbayev vurğulayıb.
Həmsöhbətimiz əlavə edib ki, Miryusif Mirizadə Ağdamın Təzəkənd qəbristanlığında torpağa tapşırılıb. Yas məclisi isə Ağdamın İmamqulubəyli qəsəbəsində təşkil olunub.
Qeyd edək ki, Bərdə Rayon Prokurorluğunun məlumatına görə, M.Mirizadəyə 14 bıçaq zərbəsi vurulub. Hazırda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları olublar.