BAKI, 2 avqust — Sputnik. ABŞ-ın Federal Təhqiqatlar Bürosunun keçmiş əməkdaşı Sibel Edmonds Türkiyə və Amerika arasında baş verən Endryu Branson böhranı ilə bağlı ilginc açıqlamalar verib.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, TRT World-ə müsahibəsində Edmonds "CIA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi-red.), Bransonu Türkiyə həbsxanasında zəhərləyib öldürməyi və hətta bunun suçunu Türkiyənin üstünə atmağı düşünür" deyib.
Sibel Edmonds iki ölkə arasında yaranan böhranın arxasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dayandığını qeyd edib.
Bir müddət FTB-də federal istintaq departamentində işləyən Edmonds CIA-nin bu hadisəni ört-basdır etməyə çalışdığını bildirib.
"Nə vaxt pastor Bransonla bağlı bir irəliləyiş olsa, CIA-nın daxilindəki müəyyən şəbəkə məsələrə müdaxilə edir. Bundan başqa, Bransonun xanımı Naurin Bransondan istifadə edərək beynəlxalq qurumlara Türkiyəni işgəncə və kobud davranışlar kimi cinayətləri həyata keçirmiş kimi göstərməyə çalışırlar. Halbuki Türkiyə onun həyatını xilas edir. Çünki CIA —nın daxilindəki qüvvələr Bransonu Türkiyə həbsxanasında ikən zəhərləyərək öldürməyi və hətta bu cinayəti Türkiyənin üzərinə atmağı düşünürlər" — deyə Edmonds bildirib.
O, ABŞ-ın FETÖ haqqında yüzlərlə dəlil dosyasına malik olduğu, FETÖ lideri və üzvlərini Türkiyəyə vermədiyi halda, Bransonu məhkəmə keçirilmədən geri istəməsini ikiüzlülük adlandırıb:
"ABŞ rəhbərliyi böyük xətaya yol verib və bunun əvəzi ödənilməlidir. Türkiyə konstitusion hüquq dövlətidir və müstəqil məhkəməyə malikdir. Türkiyə bu prosesi də məhkəmə sisteminə uyğun şəkildə həyata keçirir. ABŞ-ın belə bir məntiqsiz tələblə çıxış etməsi, yəni bütün məhkəmə prosedurlarını adlayaraq, bütün dəlilləri heç hesab edərək rahibi geri istəməsi riyakarlıq nümunəsidir. Digər tərəfdən, Türkiyə illərdir terror təşkilatının lideri Fətullah Gülən haqqında tonlarla dəlil təqdim etməsinə baxmayaraq, ABŞ məhkəmə prosedurlarını bəhanə edir".
Edmondsun fikrincə, FETÖ-çülərlə işbirliyi həyata keçirən CIA indi də Bransondan istifadə edir.
"Türkiyə özü tərəfdən münasibətləri qüsursuz şəkildə yoluna qoymağa və düzəltməyə çalışır. Baxmayaraq ki, münasibətlərin pisləşməsinin səbəbkarı o özü deyil. Obama hökuməti ilə Türkiyənin arası CIA-nın daxilindəki bir qurumun FETÖ-çülərlə ortaq iş görməsi, Türkiyəni hədəfə alması və dövlət çevrilişinə təşəbbüs göstərməsi ilə pozulmağa başlayıb" — deyə keçmiş CIA nümayəndəsi bildirib.
"Türkiyə mediasına sızan dəlilləri və bu adamın bəzi şəxslərlə əlaqələrini götür-qoy edəndən sonra onun günahsız olduğuna dair şübhələrim azaldı. Məsələn, bu adamın sabiq CIA əməkdaşı Graham Fullerlə olan əlaqələrinə baxıram. Fuller 1993-cü ildən bu yana Klintonun hakimiyyət dövrünün ən güclü şəxslərindən biridir və birbaşa Gladio-B əməliyyatı, Boston-Manhetten patlayışı ilə əlaqəsi olan adamdır. Pastorun ABŞ-ın yüksək rütbəli hərbçiləri və CIA əməkdaşları ilə olan əlaqələrinə baxaraq onun günahsız olduğunu düşünə bilmərəm. Vaşinqtonun bu adamı məhkəməsiz geri almaq üçün etdiyi təzyiqlərin digər səbəbi də odur ki, ABŞ bu məlumatların Türkiyə məhkəməsində aşkara çıxmasını istəmir. Çünki bütün bunlar ABŞ üçün utanverici olmaqla yanaşı, CIA-nın Türkiyə və bölgədə öz mövcudluğundan əl çəkmək məcburiyyətində qalmasına səbəb olacaq" — deyə Edmonds əlavə edib.
Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib Branson 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. İyulun 25-də Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib. O, Türkiyə Cəza Qanununun hərbi və siyasi casusluq, terror təşkilatının maraqları naminə cinayət törətmək maddələri ilə təqsirli bilinir.