BAKI, 2 avqust — Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert Türkiyədə həbsdən ev dustaqlığına buraxılan amerikalı rahib Endryü Branson ilə bağlı açıqlama verib.
Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü "Rahib Bransonun dərhal ABŞ-a göndərilməsini istəyirik" — deyib.
Hizer Nauert xatırladıb ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens rahibin tam azad olunmasını tələb edib və din xadiminin azad edilməyəcəyi təqdirdə Türkiyəyə sanksiya tətbiq olunacağını bildirib: "Məsələ ilə bağlı ABŞ hökuməti Türkiyə hökuməti ilə dəfələrlə müzakirə aparıb".
Nauert sanksiyaların nədən ibarət olacağı barədə açıqlama verməyəcəyini bildirib. O, rahibin həbsdən ev dustaqlığına buraxılmasını düzgün istiqamətdə bir addım kimi səciyyələndirib.
"Mövzu haqqında daha çox açıqlama verə bilmərəm. Məsələ çox həssasdır" — deyə sözçü qeyd edib.
O, yalnız Bransonun deyil, həbsdə olan digər əməkdaşlarının da sərbəst buraxılması üçün çalışdıqlarını bildirib: "Əməkdaşlarımızı həbsdən çıxarmaq üçün hər şeyi edirik".
Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. İyulun 25-də Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.