"Ölümə tərk edilən adam"dan imkanı xaricində olan şeyi tələb edirlər

CC0 / jxq / manSkamyada oturan yaşlı adam, arxiv şəkli
Skamyada oturan yaşlı adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tahir Rəhimov saytımıza xəstəxanadan çıxandan sonra pendir-çörək və su ilə dolandığını deyib

BAKI, 31 iyul — Sputnik. Bu günlərdə Sputnik Azərbaycan 3 dəfə insult keçirməsinə, kəllədaxili qansızma nəticəsində bir ildir hərəkət qabiliyyətini itirməsinə baxmayaraq, əlillik dərəcəsi ala bilməyən Qazax rayon sakini Tahir Rəhimov haqqında məqalə dərc etmişdi. "Ölümə tərk edilmiş adam" sərlövhəli həmin məqalədə qeyd edilirdi ki, heç bir sosial müavinət almayan, əlillik üçün müraciəti rədd edilən Tahir Rəhimov 20 ildir tək yaşayır. O, dostlarının köməyi ilə birtəhər dolanır. Dostu onun adından yerli xəstəxanalar tərəfindən əlilliyin müəyyən edilməsi üçün elektron müraciət göndərib. Lakin Tibbi Sosial Ekspertiza Komissiyası (TSEK) onda əlillik və sağlamlıq imkanlarının məhdudluğunu təyin etməyib. Ona bildirilib ki, ixtisaslaşmış tibbi bərpa mərkəzində müalicə almalıdır.

Dostlarını sözlərinə görə, çörək almağa belə maddi imkanı olmayan adamın tibbi müalicəni hansı pulla alacağı sual altında olsa da, müvafiq dövlət qurumlarını məsələnin bu tərəfi narahat etmir. Rəhimovun pensiya yaşına hələ 4-5 il var. O vaxta kimi onun nə ilə dolanacağı məlum deyil. 

Qazax rayon sakini Tahir Rəhimov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ölümə tərk edilmiş adam

Qeyd edək ki, Sputnik Azərbaycan-ın bu barədə məqaləsinə Əmək və Əhalinin Sosial Müfadiəsi Nazirliyi reaksiya verib. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, təmsil etdiyi qurum saytımızda Qazax rayon sakini Rəhimov Tahirin əlillik dərəcəsinin təyini ilə bağlı yazı yayımlandıqdan dərhal sonra bu barədə araşdırma aparıb. Rəhimovun əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirilib və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina qərarı verilib. Talıbovun bildirdiyinə görə, göndərişin təhlilindən məlum olur ki, xəstəlik 08.05.2017-ci il tarixdə başlayıb. Əsas xəstəliyinə görə 2017-ci ilin iyun-sentyabr aylarında 100 gün və həmin ilin oktyabr ayında 13 gün olmaqla iki dəfə stasionar müalicə alıb.

"Göndərişdə əsas diaqnoz kimi "Orta beyin arteriyasından subaraxnoidal qansızma, kəskin hemorragik insult, mədəcik daxili qansızma."(İ60.1), ağırlaşma kimi isə "Kəllədaxili qansızmanın nəticələri, keçirilmiş hemorragik insultun mədəcikdaxili qansızmanın davamlı qalıq əlamətləri, Motor afaziya" (İ69.1) və "Spastik hemiplegiya, sağ tərəfli dərin spastik hemiparez, hərəkət funksiyasının pozulması, sərbəst yerişin çətinləşməsi. əsa ilə yerimək (Vernike-Mann pozası)" (G81.1) xəstəlikləri qeyd edilir. Status lokalisdə əzələ gücünün üç bal olması qeyd edilib. Ümumilikdə göndərişdə qeyd edilən diaqnoz və ağırlaşmaları, status lokalisdə qeyd edilən məlumatları nəzərə alaraq bildiririk ki, xəstənin vəziyyəti ikinci dərəcə əlilliyə uyğun gəlir" — deyə Talıbov bildirib. 

Əlinin müalicəsi xaricdə var - Sputnik Azərbaycan
CƏMİYYƏT
Övladı üçün ölüm və əlillik arasında seçim edən ata: “Əlimdən gələn hər şeyi etmişəm...”

Nazirlik rəsmisinin sözlərinə görə, diaqnozda ağırlaşma kimi spastik hemiplegiya – dərin spastik hemiparez qeyd edilsə də, status lokalisdə və ağırlaşmada xəstənin əsa ilə yeriməsi, əzələ gücünün üç bal olması qeyd edilib ki, bu da ziddiyyət təşkil edir. Eləcə də sonuncu stasionar müalicədən ötən müddət ərzində xəstənin bərpa müalicəsi alması və hazırkı vəziyyətini əks etdirən 2018-ci ilə aid stasionar müalicəsi barədə məlumat qeyd edilməyib. Buna görə də komissiya tərəfindən əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina qərarı verilib.

Qeyd edək ki, Tahir Rəhimov saytımıza xəstəxanadan çıxandan sonra pendir-çörək və su ilə dolandığını deyib. Qazı yandırmağı, qazanı, çaydanı qaldırıb-endirməyi bacarmadığı üçün özünə çay və yemək də hazırlaya bilmir. Kommunal xərcləri yığılmasın, işığını kəsməsinlər deyə bircə lampa yandırır. Dostlarının köməyi sayəsində birtəhər yaşayır — onun çörəyini alır, suyunu doldurur, maşına mindirib şəhərə gəzməyə çıxarırlar. Lakin başqalarına möhtac halda yaşamaqdan cana doyan Rəhimov öləcəyi günü gözləyir. O, dövlət qurumlarının onun real vəziyyətini düzgün qiymətləndirməməsindən, ondan imkanı xaricində olan şeyləri tələb etməsindən şikayətçidir. Müvafiq dövlət qurumları ona kömək etmək əvəzinə, öz tələbləri ilə onsuz da yaxşı olmayan vəziyyətini daha da ağırlaşdırmağa üstünlük verirlər.

Xəbər lenti
0