(birinci yazı)
BAKI, 17 iyul — Sputnik. O, 1918-ci ildə, dekabr ayının 11-də, indiki Ağdam rayonunun Şıxavənd kəndində anadan olub. Azərbaycan KP 26 Bakı komissarı rayon Partiya Komitəsinin büro üzvü (1960), Bakı Şəhər Sovetinin (1961, 8-ci çağırış) və rayon sovetinin (1959, 7-ci çağırış), daha sonra Müstəqil Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qarabağa Xalq Yardımı Komitəsinin sədri kimi müxtəlif vəzifələrdə çalışıb.
Amma bütün bunlar ötən əsrdə qaldı. Vəzifə əbədi deyil, uzaqbaşı ölənəcəndir. Sənət isə əbədidir, ölməzdir. Ona görə də mən bu yazıda sadaladığım vəzifələrin sahibi olan şəxsdən yazmayacağam.
Mən sizə 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan Dövlət Mükafatı laureatı (1990), "Şərəf nişanı" (1968) və "Xalqlar dostluğu" (1978) ordenləri ilə təltif olunmuş, əsərləri onlarla dilə tərcümə olunmuş, keçmiş SSRİ məkanında olduqca böyük nüfuza sahib bir yazıçıdan yazmaq istəyirəm. O dövrün şahidləri və ədəbiyyat adamları yaxşı bilirlər ki, söhbət kimdən gedir. "Bəlalı sevgim", "Karvan yolu", "Yarpaqlar", "Cıdır düzü" romanlarının, "Sənsiz", "Qaşsız üzük", "Sevirsə qayıdacaq" povestlərinin müəllifi olan Bayram Bayramovdan gedir söhbət.
2007-ci ilin yay mövsümü idi. Hər ilin yayında olduğu kimi həmin il də Lerikə getmişdim. İbtidai təhsilimi Lerik rayonu Hamarmeşə kənd orta məktəbində almışam. Nənəm də yarım əsrə yaxın müəllimlik peşəsinin 40 ildən çoxunu məhz bu məktəbdə keçirib. Belə ki, həmin il kəndin kitabxanasına paytaxt Bakıdan təzə kitablar gəlmişdi. Köhnə kitabları kitabxanadan çıxarmışdılar. O kitabların yandırılmasına, atılmasına, ya da zirzəmidə çürüməsinə nənəm icazə verməmişdi. Hamısını yığıb gətirmişdi evə. Mənə bu kitab hərisliyi elə nənəmdən keçib. Mən də 10-15 un kisəsi götürüb o kitabların hamısını yığdım kisələrə. Bakıya gələndə özümlə gətirdim. Elə Bakıya gəldiyim gündən başladım oxumağa. Bunu əbəs yerə danışmadım. Həmin yüzlərlə kitabın içindən oxuduğum ilk kitab Bayram Bayramovun "Bəlalı sevgim" romanı olmuşdu.
Romanın adı diqqətimi çəkmişdi. Hətta yadımdadır, bir qəribə sual da hökm edirdi düşüncələrimə: axı mən ibtidai sinifdən ədəbiyyatın pərəstişkarı idim və xüsusən də Azərbaycan ədəbiyyatında ən azından adını bilmədiyim yazıçı tapılmazdı. Bəs mən niyə "Bəlalı sevgim" romanının müəllifi olan bu Bayram Bayramovu tanımırdım? Bu sualımın cavabını çox-çox sonralar tapdım.
Məhsuldar bir yazıçı olmuşdu Bayram Bayramov. Ədəbiyyata 30 yaşından sonra gəlsə də, çox sayda əsərlər yazmışdı. Xüsusən də romanlar və povestləri ilə tanınırdı. Amma Bayram Bayramov sovet ideologiyasının qurbanı idi. Bunu onun əsərlərində də hiss etmək olur. Bəzi əsərləri bu məsələdə istisnadır. Məsələn, müəllif "Yarpaqlar" romanında təsərrüfatın yüksəlişi üçün bağçılığın, üzümçülüyün inkişafından danışırdı. Xırda kəndlərin və xırda kolxozların birləşdirilməsini və böyük təsərrüfat birliklərinin yaradılmasını təklif edirdi. Ya da "Arakəsmələr" adlı romanda memarlıqdan, yeni yaşayış komplekslərinin salınmasından, rahat mənzillərin tikintisindən danışırdı. Bu əsərlər sadəcə sovet ideologiyasına, kommunizmə xidmət edirdi. Nəticədə, Xəlil Rza Ulutürk deyirdi axı: "davam edir 37, daha kəskin, daha ciddi!"
Bəli, represiya Sovet İttifaqı dağılana qədər davam etdi. Bayram Bayramov da bu represiyanın qurbanı olmaqdan çəkinirdi yəqin. Necə də olsa, 1934-cü ildə atası Salman kişi "düşmən" elan edilərək həbs olunmuşdu. Hətta sonralar Bayram Bayramova gənc yaşında "Əməkdar müəllim" adının verilməsi təklif ediləndə, o, bundan imtina etmişdi. Şəxsi işi yazılacaqdı və keçmişi araşdırılacaqdı. O isə hamının gözündə "Vətən xaininin oğlu" olacaqdı. Bu qorxu onun canından ömrünün sonuna qədər çıxmamışdı.
Məsələyə real mövqedən yanaşsaq, bağçılığa, üzümçülüyə, memarlığa roman yazmaq bir yazıçının nəyinə lazım idi? Ya da bu əsərlər xalqın nəyinə lazım idi? Məgər kənd təsərrüfatının işçiləri bu əsərdən ilham alıb daha böyük işlər görəcəkdilər? Əlbəttə ki, yox. Bu əsərlərlə Bayram Bayramov Sovet İttifaqına deyirdi ki: Mən sizə xidmət edirəm, məni həbs etməyin, güllələməyin, Sibirə də göndərməyin!
Bayram Bayramovun yaradıcılığı bununla kifayətlənmir. Müəllif "Bəlalı sevgim" romanında insanın mənəvi keyfiyyətlərindən, "Xəzinə" və "Cıdır düzü" romanlarında tarixdən danışır. Nəhayət, onun yaradıcılığında şah əsər hesab edilən "Karvan yolu" romanını yazır ki, bu roman da Mirzə Cəlilin və Həmidə Cavanşirin həyatından bəhs edir.
Sovet dövründə Bayram Bayramovun üsyankarlığı da olmuşdu. 1972-ci ildə "Azərbaycan" jurnalında müəllifin "Yazılmamış kitab" adlı əsəri dərc olunur. Lakin həmin nömrənin bütün tirajları məhv edilir. 1972-1974-cü illərdə onun əsərlərinin dərcinə, kitablarının çapına və satışına qadağa qoyulur.
Əfsus ki, o əsərin məzmununda müəllifin nə demək istədiyi bilinmir. Çünki qeyd etdiyim kimi, əsər, tamamilə, məhv olunub. Amma mütləq ki, bu əsərdə Bayram Bayramov öz itaətkarlığını pozub və buna görə də cəzalanıb.
Bəs Bayram Bayramovun imzası müstəqil Azərbaycanın tarixindən niyə silindi? Əsərlərinin dərs vəsaitlərindən çıxarılmasına, kitablarının yəni nəşrə buraxılmamasına səbəb nə idi? Bayram Bayramovla Heydər Əliyev arasında nə baş vermişdi?
(Ardı ikinci yazıda)