BAKI, 23 iyul — Sputnik. 22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində ilk yarış günü geridə qalıb. Sputnik Azərbaycan Ağır Atletika Federasiyasına istinadən xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir, həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir. İyulun 22-də millimizin üzvlərindən dördü körpücük üzərinə çıxaraq qüvvəsini sınayıb. Yaşı 15-ə qədər olan qızlarımızdan Günel Muxtarlı 44 kq çəki dərəcəsində toplam 97 kq (42+55) nəticə ilə 6-cı, Selcan Qarayeva isə 48 kq çəki dərəcəsində toplam 116 kq (50+66) nəticə ilə 7-ci yeri tutub.
Oğlanlarda nəticələrimiz fərqli olub. Elvin Şükürzadə yaşı 15-ə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalçısı adını qazanıb. Təkanla qaldırma hərəkətində Elvin 95 kq çəkinin öhdəsindən gələ bilib. Bununla o, bu hərəkətdə 6-cı olub. Toplam 173 kq (78+95) nəticə ilə Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutub. Onu medaldan cəmi 1 kq ayırıb.
Son olaraq yaşı 17-yə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində Ömər Cavadov körpücük üzərinə çıxıb. Atletimiz möhtəşəm çıxış nümayiş etdirib. O, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. Bununla o, bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb. Ömər uğuru təkanla qaldırma hərəkətində də davam etdirib. Atletimiz bu dəfə 102 kq-ı ram edərək bu hərəkətdə Avropa ikincisi olub. Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.