BAKI, 18 iyul — Sputnik. Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 17-də saat 08 radələrində Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyiti yaşadığı S.Bağırov küçəsi ev 14-də tapılıb. Bu barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla həmin gün saat 06 radələrində M.Qəhrəmanova ilə birgə yaşayan qohumu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verdiyi və sonuncunun onun baş nahiyəsinə yumruqla vuraraq qətlə yetirdiyi müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Görülmüş tədbirlərlə R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.