BAKI, 28 may — Sputnik. Salyan sakini arvadını yastıqla boğaraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 25-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən bir qadın Buzovna qəsəbəsində kirayədə yaşayan rəfiqəsi Kifayətlə əlaqə saxlaya bilmədiyini, onun əri Anara zəng etdikdə isə Kifayəti öldürdüyünü dediyini bildirib.
Məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Anar Yusifov saxlanılıb. O, izahatında mayın 25-də Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində arvadı Kifayəti yastıqla boğaraq qətlə yetirdiyini və meyitini Salyan şəhərinə aparıb oradakı qəbristanlıqda dəfn etdiyini bildirib.
Meyit eksqumasiya edilib.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.