BAKI, 12 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Britaniyanın baş naziri Tereza Mey, Almaniya kansleri Angela Merkel və Albaniyanın baş naziri Edi Rama 2018-ci il futbol üzrə Dünya Çempionatının Xorvatiya – İngiltərə yarımfinal oyununun son dəqiqələrini birlikdə mobil telefondan izləyiblər.
Sputnik Azərbaycan xəbər verir ki, NATO zirvəsinə qatılmaq üçün Belçikanın paytaxtı Brüsseldə olan Ərdoğan, Mey, Merkel və Rama yarımfinal oyunun son dəqiqələrini ayaqüstü mobil telefon vasitəsilə birlikdə seyr ediblər. Albaniya baş naziri sosial şəbəkədəki hesabında "Son Dəqiqə" (Minuta e Fundit) mesajı ilə paylaşdığı videoda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da yer alıb.
Maç sonunda Cumhurbaşkanı Erdoğan, Almanya Başbakanı Merkel ve Arnavutluk Başbakanı Rama İngiltere Başbakanı Theresa May'i teselli etti. pic.twitter.com/6Fq2Arey0C
— ANADOLU AJANSI (@anadoluajansi) 11 июля 2018 г.
Qarşılaşmanın son anlarını diqqətlə izləyən liderlər, eyni zamanda oyunu da şərh ediblər. Videoda Çavuşoğlunun Meyə oyunun baş hakimi Cüneyt Çakırın türk olduğunu, oyun bitdiyində isə Albaniya baş naziri Ramanın finala yüksəlmə şansını itirən İngiltərə baş naziri Meyi təsəlli edərək "Dünya kuboku Qərbi Balkanlara gəlir" deməsi əksini tapıb.
Qeyd edək ki, ötən gün dünya çempionatının yarımfinal mərhələsində Xorvatiya millisi İngiltərə ilə qarşılaşıb. 90 dəqiqəsi 1-1 hesabı ilə bitən oyunda əlavə vaxtda hücumçu Mandzukiçin vurduğu qolla Xorvatiya millisi finala yüksəlib.