Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 9 iyul — Sputnik. Bakı-Sumqayıt yolunun hazırkı vəziyyəti hər kəsə məlumdur. Hər zaman tıxacı ilə məşhur olan bu yolda hazırda aparılan təmir işləri vəziyyəti bir qədər də qəlizləşdirib. Belə ki, təmir işləri ilə əlaqədar olaraq yol qismən bağlanıb, sürücülər və sərnişinlər saatlarla tıxacda qalırlar.
Maraqlıdır, sözügedən yoldakı problemi hansı üsullarla aradan qaldırmaq olar? Ümumiyyətlə, necə etmək olar ki, bu yolda zaman-zaman yaşanan kabusa son qoyulsun? Sputnik Azərbaycan bu suallara cavab tapmağa çalışıb.
Təlimçi-sürücü, nəqliyyat eksperti Aqil Rəhimovun fikrincə, Bakı kəndləri ilə Bakı şəhəri arasında elektrik qatarı və metro çəkilməsə, bu tıxac problem həllini tapmayacaq: "Yolları nə qədər genişləndirsələr belə, tıxaclardan qurtula bilməyəcəyik. Adiyyatı qurumlar mütləq şəkildə bu ərazilərə — Xırdalan, Sumqayıt və digər yerlərə metro və elektrik qatarı xətləri çəkməlidir. Həmçinin universitetlər, nazirliklərin bəziləri və digər qurumlar Bakıətrafı və digər şəhərlərə köçürülməlidir".
O, qeyd edib ki, əks halda insanların kabusuna çevrilən yol problemi aktual olaraq qalacaq: "Əksər iş yerləri ancaq Bakı şəhərində açılır və insanlar məcbur olub mərkəzə axın edirlər. Ona görə yollar genişlənsə də, tıxacın qarşısı alınmayacaq".
"Bakı-Sumqayıt yolunda elektrik qatarı var. Amma effektiv işləmir. Ya gec işlədiyi üçün, ya qiyməti insanlara sərf etmədiyi üçün effektli nəticə vermir. Əks halda, insanlar benzinin baha olmasına baxmayaraq, tıxaclarda vaxt itirməzdilər" —deyə A.Rəhimov vurğulayıb.
Yol-nəqliyyat eksperti Azər Allahverənov da sözügedən yol kifayət qədər yükləndiyi qənaətindədir. Yolun yüklənməsi də tıxaca səbəb olur.
Ekspert problemin qismən də olsa, qarşısını almaq üçün çıxış yolları da göstərib: "Öncə sərnişinlərin daşınması üçün ictimai nəqliyyat vasitələrinin sayını artırmaq lazımdır. Həmin əraziyə metro stansiyası çəkməklə, eyni zamanda bu əraziyə daha bir neçə marşrut xətti açmaqla, sürətli qatarının sayını artırmaqla həmin yolda sıxlığı azaltmaq mümkündür. Bunu da adiyyatı orqanlar düşünərək həyata keçirməlidir".
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, Prezidentin fərmanı ilə 2011-ci ildə qəbul edilmiş "Perspektiv inkişaf planı"nda "Memar Əcəmi" və "Avtovağzal" bənövşəyi xətti istismara verilib: "Hazırda o xəttin üçüncü stansiyası — keçmiş "Papanin" ərazisində, indiki Ceyhun Səlimov küçəsində Hərbi Hospitalın düz qarşısında yeni stansiya tikilir".
"Həmin stansiyada hazırda inşaat işləri gedir. Bir sözlə, "Perspektiv inkişaf plan"ında Xırdalan və Sumqayıt şəhərlərinə metro çəkilişi nəzərdə tutulmayıb. Gələcəkdə isə nə olacağını öncədən deyə bilmərəm" — deyə qurumun sözçüsü qeyd edib.