BAKI, 6 iyul — Sputnik. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara Rayon Polis Şöbəsinin əməkdaşları Məçitməhəllə kənd sakini Hicran Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu, həyətindəki yarımtikilidən isə çəkisi 4 kiloqram 330 qram marixuana, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Həşimxanlı kəndi ərazisində kənd sakini V.Xancanovun kultivasiya yolu ilə yetişdirdiyi 91 ədəd çətənə kolu aşkar edərək götürüblər.
Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Uzunqazmalar kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 2,5 ton olan 8450 ədəd çətənə kollarını yığaraq məhv ediblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.