Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 2 iyul — Sputnik. Bakı-Sumqayıt yolu oradan istifadə edən sürücülər və sərnişinlərin hər zaman ən çox vaxt itirdiyi yoldur. Bu yolda, nəinki dəqiqələrlə, hətta saatlarla belə, tıxacda qalanlar olur. Bir qədər obrazlı desək, Bakı-Sumqayıt yolu oradan keçənlər üçün, sözün əsl mənasında, kabusa çevrilir.
Ötən həftədən başlayaraq sözügedən yolda yaşanan tıxac pik həddə çatıb. Daha doğrusu, yol tamamilə keçilməz vəziyyətə düşüb. Buna səbəb isə yolun böyük bir hissəsində asfaltlama işlərinə başlanmasıdır. Üstəlik də bu yola tam olaraq alternativ yolun olmadığı halda.
Onu da qeyd etməliyik ki, Bakı-Sumqayıt yolunda təmir işlərinin aparılması, təkcə bu yolunda özündə tıxac yaratmayıb. Həm də birbaşa və dolayısı ilə bu yola gəlib birləşən şəhərin bir neçə başqa küçə və prospektində də hərəkəti iflic vəziyyətə salıb.
Sputnik Azərbaycan paytaxtın şimal, şimal-qərb giriş və çıxışında yaşanan dəhşətli tıxacla bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğuda iştirak edənlərə "Bu günlərdə kim harada tıxaca düşüb və tıxac zamanı hansı hadisələrin şahidi olmuşunuz?" sualı ünvanlanıb.
Cavabları olduğu kimi təqdim edirik:
Əli Abbasov: "Dərnəgül yolunda saatlarla tıxacda qalmışıq, maşın qızdırıb söndü. İstidə ancaq maşın itələmişəm".
Vidadi Nuri: "Bu günlərdə şəhərin harasında tıxaca düşməmişik ki?! Bütün şəhər iflic olmuşdu. Axı bu cür təmir işlərini gecələr etməlidirlər. Niyə biz sürücülərə, sadə insanlara və ən əsası da özlərinə bu isti havalarda çətinlik yaradırlar? Fikrimcə, şəhərin ən böyük yük düşən yolunu bağlayıb, insanlara bu qədər çətinlik yaşatmaq düzgün deyil. Yol mədəniyyətdir. Amma belə yox. Biz insanları fikirləşsələr, təmiri gecə aparsalar, yaxşı olar".
Tərxan Paşazadə: "Bakı-Sumqayıt qatarı ilə gedib-gəldiyim üçün tıxaca düşməmişəm. Amma qeyd edim ki, avtomobil yolundakı mövcud vəziyyətlə əlaqəli olaraq Bakı-Sumqayıt qatarının sərnişinləri son iki gündə xeyli artıb. Düşünürəm ki, bu artım dəmir yollarının inkişafına yaxşı mənada təsir edəcək".
Səbuhi Axundov: "Tıxaca görə işə gecikən işçilər var ki, əməkhaqlarından 45 manat tutulub və tutulmaqda davam edir. Bu 45 manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələb etmələri üçün iddialarını hazırlayacam. İşəgötürənlər qəfil tıxaca yaxalanan işçilərin gecikmələrini üzrlü səbəb kimi qəbul etmirlər. Bu da absurddur. Adam hər gün normal qrafiklə evindən çıxır, ancaq saatlarla tıxacda qalırsa, bu, işçinin təqsiri hesab edilə bilməz. Bundan əlavə, Bakı-Sumqayıt yolunun asfalt örtüyünün ən yaxşı səviyyədə olduğu hissəsi elə indi təmir olunan yerdir. Sual olunur ki, niyə gedib Sumqayıtdan Xırdalana kimi olan hissəsini təmir etmirsiz? Hansı ki, ucqar dağ kəndinin yollarından seçilmir Bakıya gəliş hissəsi? Bu təmiri niyə iş saatına salırlar? Normal ölkələrdə belə işləri gecə saatlarında səhərə kimi edirlər. Bizdə isə əksinədir. Adamın ancaq bir şübhəsi qalır. Bunlarla yanacaq satan şirkətlər işbirliyi qurublar. Sürücülərin ciblərində olan qalan pulları da bu tıxacda istifadə olunan yanacağa getməlidir. Başqa bir versiya isə budur ki, qurum insanların nə qədər səbirli olduqlarını yoxlayır. Bu qədər özbaşınalıq olmaz".
Kamran Ədalət: "Binəqədi şosesində tıxaca düşdüm. İki sürücü əlbəyaxa olmuşdu. Tıxac səbirləri tarıma çəkmişdi".
Elməddin Vəliyev: "Rəsulzadə qəsəbəsi və Binəqədi istiqaməti heç giriləsi deyil, biabırçılıqdır. Əsəblər çox gərilir, bu da müəyyən narazılıq və sürücülərin bir-birinin yoluna girməsi, mübahisəsi və xoşagəlməz hallara səbəb olur".
Aygün Rəcəb: "Ən maraqlısı, o istiqamətdə gündə adambaşı 1 manata gətirən taksilərin tıxaca görə qiyməti 3 manata qaldırmasıdır. Nə deyim e, buna səbəb olan insanların qarasınca deyinə-deyinə gedib gəlirik".
Tamerlan Cəfərov: "Mən Sabunçu ərazisində tıxaca düşdüm, çünki bir çox sürücülər əvəzedici yol kimi Balaxanı yolu, oradan Novxanı ərazisi ilə mənzil başına çatmağa çalışırdı".
Əli Zülfüqaroğlu: "Xırdalan dairəsindən Bakıya 1 saat 40 dəqiqəyə gəldik. Daha doğrusu, Avtovağzalda düşüb metro ilə yolumuza davam etməyə məcbur olduq. Bir gün sonra isə Bakıdan Sumqayıta adamın birini 1 manata aparan taksilərin qiyməti 1 nəfər üçün minimum 3, maksimum isə 5 manata yüksəlmişdi".