BAKI, 2 iyul — Sputnik. "Bakıya artıq ikinci dəfədir səfər edirəm. Bu, Azərbaycan hökumətinin Əfqanıstana dair beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nəticəsində baş verib. Əfqanıstana dair Beynəlxalq Təmas Qrupuna 50-dən çox ölkənin təmsilçiləri daxildir. Düşünürəm ki, biz bu görüşdə Əfqanıstanda sülhə dair güclü mesaj göndərə bilmişik".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. O bildirib ki, Birləşmiş Ştatlar Azərbaycana və Azərbaycan hökumətinə Əfqanıstanda gördüyü işlərə və mövcudluğuna görə olduqca minnətdardır.
"Azərbaycan Əfqanıstanda iqtisadiyyatının bərpa olunmasında çox müstəsna rol oynayır. Azərbaycan iqtisadi baxımdan regionun ürəyində yerləşir. "Lapis lazuri" Əfqanıstanın inkişafına təkan verən təşəbbüsdür və Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla əməkdaşlığımızın zəminlərindən birini təşkil edir. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır. Prezident Əliyevə Əfqanıstana yardımlar istiqamətində apardığı rola və liderliyinə görə təşəkkür edirəm" — ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, xanım Uells iyunun 27-dən ölkəmizdə səfərdə olub. O, Bakıda keçirilmiş Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edib. ABŞ rəsmisinin səfəri ötən həftə başa çatacaq.
Xatırladaq ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur. Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Azərbaycanın Əfqanıstan məsələsində Vaşinqton üçün əhəmiyyətini ABŞ rəsmiləri, demək olar ki, hər fürsətdə vurğulayırlar. Azərbaycan 2002-ci ildən Əfqanıstandakı əməliyyatlarda təmsil olunur və bu ilin əvvəlindək qüvvələrinin sayını tədricən artıraraq, 94 nəfərə çatdırıb.
Azərbaycan, həmçinin, ABŞ və koalisya qüvvələrinin Əfqanıstana yetişməsində uzun illər önəmli tranzit rolunu oynayıb. ABŞ-ın Cənubi Qafqazda maraqlarına dair Konqresə təqdim olunan hesabatda "Azərbaycan marşrutu" ABŞ-ın Əfqanıstana giriş-çıxışı üçün "ən azı Mərkəzi Asiya və Rusiya qapıları qədər əhəmiyyətlidir" və Vaşinqton regionu tərkindən sonra da bu "qapının" qorunmasında maraqlı olması vurğulanır.
Araşdırmaçılara görə, Vaşinqton üçün Azərbaycanda "bir nömrəli məsələ" bu ölkənin Əfqanıstan əməliyyatlarına dəstəyinin davamına əmin olmaqdır. Birləşmiş Ştatlar İran məsələsində də Bakı ilə əməkdaşlıq etmək niyyətindədir. Amerikalılar belə hesab edirlər ki, Tehranın regionda maraqları Qərbin oradan sıxışdırılmasına yönəlib, belə ki, nüvə silahı ətrafında gərginliyin artdığı son aylarda İranın regional diplomatiyası xüsusilə aktivləşib.
Burada daha bir maraqlı məqam ondan ibarətdir ki, Əfqanıstandan terrorçular Orta Asiya ölkələrinə asanlıqla keçə bilirlər. Terrorçuların Orta Asiya ərazisinə keçməsi prosesinin arxasında ABŞ, Rusiya və Çinin Mərkəzi Asiya uğrunda maraq savaşının dayandığını ehtimal edə bilərik. Bu terrorçuların Qərb kəşfiyyatı ilə bağlı olması ehtimalı da mövcuddur.
2001-ci ilin 11 sentyabr hadisəsindn sonra ABŞ "Əl-Qaida" terror təşkilatı ilə yanaşı, "Taliban" hərəkatına da müharibə elan etdi. Nəticədə taliblər hakimiyyətdən kənarlaşdırıldı, amma müəyyən ərazilərə nəzarəti saxlaya bildilər. İndi isə Mərkəzi Asiya bazarı uğrunda ABŞ, Rusiya və Çin arasında geosiyasi rəqabət gedir.
Terrorizmin Mərkəzi Asiyaya yayılması yalnız Rusiyanın patronajlığı altında olan dövlətlərin deyil, həm də Çinin bu bölgə ilə bağlı təhlükəsizlik maraqlarına da mane olur. Əslində Amerika bir tərəfdən, dünyaya mesaj verir ki, Əfqanıstanda olduğu müddətdə terrorizmin qarşısını alır. Amma elə Qərb mətbuatının özünün yazdığına görə, Birləşmiş Ştatlar Əfqanıstandan Mərkəzi Asiya vasitəsilə daşınan narkotranzitdən kifayət qədər gəlir götürür.
Orta və Mərkəzi Asiyada terrorizmin yayılması Azərbaycanın şərq sərhədləri üçün təhlükə yaradır. Ən azı ona görə ki, Azərbaycan şərq-qərb və şimal-cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Ona görə də Azərbaycan Mərkəzi Asiyada sabitliyin təminatında maraqlıdır və bu istiqamətdə əməkdaşlığın davamlı olmasını istəyir.
Bakı ilk növbədə öz təhlükəsizliyini düşünür və bu baxımdan, Əfqanıstan məsələsinə həssas yanaşır. Supergüclərin maraqlarının toqquşduğu bölgədə Azərbaycan kataklizmlərdən uzaq qalan az qala yeganə ölkədir…