CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayıların basqınına məruz qalan kənddə fövqəladə vəziyyət hökm sürür

Abunə olmaq
Yırtıcılar kənd sakinlərinə "divan tutur", rəsmi qurum isə günahı insanlarda görür

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Şəki rayonunun Baş Zəyzid kəndinin camaatı qorxu içindədir. Səbəb ayıların onların iri və xırda buynuzlu heyvanlarına hücum etməsidir. Hər il yüzlərlə iribuynuzlu və xırdabuynuzlu heyvan ayıların yem mənbəyinə çevrilir.

Spuntik Azərbaycan-a danışan kənd sakinləri bu durumdan narahat olduqlarını bildiriblər. Kənd sakini Əsgər Ramazov deyir ki, hər il bir heyvanı ayıların yeminə çevrilir: "Bu yaxınlarda bir heyvanımı parçaladı, səsini eşidib qaçdıq, ayı bizi görüb qaçsa da, yaralanmış inək yaşamadı. Hər il bu hadisə təkrarlanır."

"Belə getsə, ayılar bizə də hücum edəcək" — deyən kənd sakini aidiyyatı qurumlardan kömək istəyib: "Dəfələrlə müraciət etsək də, məsul şəxslərdən səs-səmir çıxmır. Nəyi gözləyirlər? Gözləyirlər ki, ayı gəlib bizi də parçalasın? Gündüzlər gəlmir, amma axşamlar həyətlərə də girir. Nə qədər qorxu içində yaşamaq olar?"

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Yırtıcılar da gözünü heyvanlara dikmiş kəndlilərin bu dolanışıq yerinə dadanıb. Kənd sakini Əsgər Orucov deyir ki, onların başqa gəlir mənbələri yoxdur: "Naümid vəziyyətdəyik, neyləyək? Kəndi tərk edək? Anam və mən xəstəyik, gəlirimiz ancaq heyvandarlıqdan və bağ-bağatdandır. Güclü leysan oldu deyə bir qram məhsul götürə bilmədik. Mal-qaranı da ayılar məhv edir".

Qaraçayın üzərindən keçən tikintisi yarımçıq qalmış körpü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qorxulu vahə: Orada insanlara gözdağı verirlər və təbiət qurban tələb edir

Kənd sakininin fikrincə, vəziyyət belə davam etsə, paytaxtda da ətin və süd məhsullarının qiyməti artacaq: "Niyə anlamırlar ki, biz heyvan böyütməsək, südünü qatığını satmasaq, şəhərli bu məhsulu od bahasına alacaq? Ətin qiyməti 20 manat olacaq belə getsə. Çünki heyvan qıtlığı var. Kəndlidə də artıq həvəs qalmayıb. Pul verib, ot alıb heyvana baxmaq olmaz axı, heyvan həm də gəzməlidir. Ayıların əlindən heyvanları qapıdan çölə çıxartmağa qorxuruq".

"Bakıdan və digər bölgələrdən qonaqlar gəlir, deyirlər ki, "cənnətdə qalırsız". Deyirəm nə olsun, yaşayış ki yaxşı deyil. Belə bir atalar məsəli var: "Neynirəm o qızıl teşti ki, içinə qan qusacam". Neynirəm bu təbiəti, bu dağları ki, bunlar mənə qorxudan savayı heç nə vermir" — deyə kənd sakini gileylənir.

Yaşlı kənd sakini Almaz Abbasova da analoji vəziyyətdən əziyyət çəkənlər sırasındadır: "Çox qəribədir, deyirlər ki, ayını vurmaq olmaz, "qırmızı kitab"a düşüb. Bizim heyvan qədər dəyərimiz yoxdur? Mənim başqa gəlir yerim yoxdur. Hər il azı bir heyvanım yırtıcıların şikarı olur. Mən yaşlı qadınam, oğlum yox, ərim yox. Qorxumdan heyvanı çölə çıxara bilmirəm. Pulla ot alıram. Yayda ağacların yarpağı ilə başını qatıram".

"Yırtıcılar durmadan artır. Bu gün 5 olan sabah 10 olur. Bir neçə yerə şikayət etmişəm. Mənə deyirlər, "niyə buraxırsız heyvanı, naxırçı tutun". Daha anlamırlar ki, heyvana hücum edən ayı insana da hücum edər" — deyir Almaz nənə.

Digər sakin Nuriyyə Lətifova da yırtıcıların əlindən dad edir: "Elə bilirsiz təkcə ayıdır? Canavarlar da hücum edir. Canavar ayıdan da betərdir. Ümumiyyətlə, bizim qazancımızı yırtıcılar yeyir. "Heyvanları vurmaq olmaz", deyənlər gətirsinlər heyvanlarımın pulunu ödəsinlər. Bir inəyin qiyməti 1800-2000 manatdır. Bizə hər il bu qədər ziyan dəyir. Kənd camaatını da başa düşmək lazımdır, bəs biz nə edək? Nə ilə dolanaq?"

Son günlər ölkə gündəmini zəbt edən məsələ ilə bağlı İlisu Dövlət Təbiət Qoruğunun mühafizə üzrə direktor müavini Azərçin Muradovun fikirlərini öyrəndik. Qoruq rəsmisi Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, əgər bələdiyyənin örüş sahəsi yoxdursa, onlar mal-qarasını səllim şəkildə buraxa bilməzlər.

"Dağlarda və meşələrdə heyvanların səllim və mütəşşəkil şəkildə otarılması qəti qadağandır. Bu, inzibati xətadır. Bundan əlavə, mütləq heyvanın başında naxırçı olmalıdır. Sözsüz ki, heyvanı sərbəst görən ayı ona hücum edəcək. Əgər örüş torpaqları yoxdursa, yerli bələdiyyədən örüş torpağı tələb etsinlər. Meşələr və dağlar insanın deyil, vəhşi heyvanlarındır" — deyə A.Muradov qeyd etdi.

© Sputnik / Shahperi AbbasovaŞəki rayonunun Baş Zəyzid kəndi
Şəki rayonunun Baş Zəyzid kəndi - Sputnik Azərbaycan
Şəki rayonunun Baş Zəyzid kəndi

Qoruq rəsmisi onu da dedi ki, ayı insanın uzaqdan iyini hiss etdikdə ərazidən uzaqlaşır: "Həm də ayı heç vaxt təhlükə hiss etməsə, insana hücum etmir. Mən özüm də qoruq işçisi olaraq dəfələrlə ayıyla qarşılaşmışam. Mənə hücum etməyib. Ayı hansı hallarda insana hücum edə bilər? Yanında körpə balası varsa və qaça bilmirsə, o zaman özünü mühafizə etmək üçün hücum edir. Ayı baxır ki, əgər insan onun üçün təhlükəli deyilsə, həmin yerdən uzaqlaşır. Onların hiss etmə qabiliyyəti yüksəkdir".

Direktor müavini məsləhət gördü ki, insanlar yırtıcı ilə qarşılaşanda qaçmasınlar: "Əgər qaçsalar, yırtıcı onlara yaxınlaşacaq. Ona görə də meşəyə, dağa gedəndə səsli-küylü getmək lazımdır ki, heyvanlar həmin yerdən uzaqlaşsın. Birdən-birə insanla qarşılaşsa, təbii ki, özünü qorumaq üçün ona hücum edəcək".

Bioloq-mütəxəssis onu da əlavə etdi ki, ayılar güllə səsi eşitdikdə bu, onlarda travma yaradır: "Necə ki, insan güllə səsi eşidəndə uzun müddət onun stressini yaşayır. Ayılar da eləcə, güllə səsini eşidəndə qaçmır, əksinə insana hücum edir. Əgər ayı nə vaxtsa güllədən yaralanıbsa, mütləq haradasa güllə səsi eşitsə, gəlib insanı parçalayacaq".

"İnsanlar hər şeyi mənimsəmək, nüfuz etmək istəyirlər. Elə götürək həmin kəndin sakinlərini, onlar dağlarda şabalıd, fıstıq, qoz, fındıq və digər meyvə ağacını kəsəndə bu ayı nə yeməlidir? Ayı da canlıdır, yeməyə heç nə tapmır, kəndə insan əti yemək üçün yox, qidalanmaq üçün gəlir. Dağlarda xeyli təsərrüfatlar var. Heç vaxt ayı hücumuna məruz qaldığı qeydə alınmayıb" — deyə bildirdi A.Muradov.

Onu da vurğuladı ki, ayılarda payız aylarında — bitkilərin vegetasiya dövrünün başa çatdığı dövrdə qış yuxusu üçün piylənmə getməyibsə, o zaman təsərrüfatlara girə bilərlər.

Müsahibimiz digər vəhşi heyvanların yaşayış yerinə yaxınlaşmasında da ən böyük günahkarın elə insanın özü olduğunu vurğuladı: "Yırtıcıların yaşayış yerinə yaxınlaşmasının digər səbəbi də insanların yay sezonunda getdikləri kəndlərdə istirahət etdiyi zaman həmin yerləri çirkləndirməsidir. Heyvanı kəsib dərisini meşəyə atanda, əlbəttə ki, yırtıcılar həmin əraziyə yaxınlaşacaq".

Qoruq rəsmisi sonda insanlardan təbiəti qorumağı və ona qazanc mənbəyi kimi baxmamağı tövsiyə etdi: "İnsanlara dəfələrlə deyirik ki, meşələri qırmayın. İnsanlar hələ də bu düşüncədədirlər ki, mənə ziyan vurur, atım, öldürüm. İnsandan böyük vəhşi yoxdur, onda insanı da öldürsünlər?!"

Xəbər lenti
0