CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qorxulu vahə: Orada insanlara gözdağı verirlər və təbiət qurban tələb edir

© Sputnik / Ilham MustafayevQaraçayın üzərindən keçən tikintisi yarımçıq qalmış körpü
Qaraçayın üzərindən keçən tikintisi yarımçıq qalmış körpü - Sputnik Azərbaycan
Abunə olmaq
"Elə olub ki, uşağı səhər məktəbə göndərmişik, günorta sel gəlib deyə, uşaq evə qayıda bilməyib"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Gədəbəy rayon mərkəzindən Çalburun kəndinə gedən yola 2014-cü ildə asfalt örtüyü çəkilib. Elə həmin il kəndin ortasından keçən Qaraçayın üzərində yeni körpünün də əsası qoyulub.

Körpünün təməlqoyma mərasimi kənddə toy-bayramla qarşılansa da, təəssüf ki, 4 ildir tikinti başa çatmayıb. İstifadəyə veriləcəyi həsrətlə gözlənilən körpü bu gün çalburunluların, sözün əsl mənasında, gözdağına çevrilib.

© Sputnik / Ilham MustafayevQaraçayın üzərindən keçən tikintisi yarımçıq qalmış körpü
Qaraçayın üzərindən keçən tikintisi yarımçıq qalmış körpü - Sputnik Azərbaycan
Qaraçayın üzərindən keçən tikintisi yarımçıq qalmış körpü

Çalburunlular dərdlərini, bu illər ərzində çəkdikləri məşəqqətləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıblar. Kənd ağsaqqallı Ramiz Xamıyev 2014-cü ildə təməli qoyulmuş körpünün hər il ancaq bir hissəsində müəyyən işlər görüldüyünü bildirib.

"Çalburunda 2 mindən artıq əhali yaşayır. Sel gələndə kəndin 300-ə yaxın evi blokadada qalır. Bütün bu dağların suyu süzülüb kəndin ortasındakı dərədən keçir. Nə uşaqlarımız məktəbə gedə bilir, nə xəstəmizi həkimə apara bilirik. Elə olub, 3 gün sel dayanmayıb deyə, ölümüzü aparıb dəfn edə bilməmişik" — R.Xamıyev deyib.

© Sputnik / Ilham MustafayevGədəbəy rayon Çalburun kəndinin sakinləri
Gədəbəy rayon Çalburun kəndinin sakinləri  - Sputnik Azərbaycan
Gədəbəy rayon Çalburun kəndinin sakinləri

O, qeyd edib ki, problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: "Bizə, "gözləyin, düzələcək" sözündən başqa heç nə demirlər".

Kənd sakini Vaqif Məmmədov isə deyib ki, dəfələrlə sakinlərin vəsaiti hesabına çayın içindən maşın keçmək üçün körpü salınıb. Ancaq güclü yağış yağan kimi sel körpünü yuyub aparıb.

Rizvan Nəbiyev körpüsüzlük ucbatından qarşılaşdıqları çətinliklərdən danışıb: "Əkin-biçin zamanı texnika vaxtında gedib sahələrə çıxa bilmir. Dəfələrlə çaydan keçən malı, qoyunu sel aparıb. Təcili yardım çağırırıq, qalır o tayda, bu tərəfə keçə bilmir. Traktorla xəstəni aparıb təcili yardıma çatdırırıq".

© Sputnik / Ilham MustafayevKənd sakinləri problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, hələ ki nəticə yoxdur
Kənd sakinləri problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, hələ ki nəticə yoxdur - Sputnik Azərbaycan
Kənd sakinləri problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, hələ ki nəticə yoxdur

"Elə olub ki, uşağı səhər məktəbə göndərmişik, günorta sel gəlib deyə, uşaq evə qayıda bilməyib. Sel dayanmadığından direktor məktəbliləri aparıb günlərlə evində saxlayıb. O səbəbdən də çox vaxt yaz, qış aylarında uşaqlarımızı məktəb olan tərəfdə yaşayan qohumlarımızın evlərində saxlamağa məcbur oluruq" — Rizvan Nəbiyev vurğulayıb.

Problemlə bağlı dəfələrlə müəyyən təşkilatlara ünvanladıqları məktubları nəticəsiz qalan kənd sakinləri bu dəfə Sputnik Azərbaycan vasitəsilə aidiyyatı qurumlara müraciət ediblər. Körpünün tezliklə tikilib başa çatdırılmasını xahiş ediblər. Bildiriblər ki, əgər tikintinin başa çatdırlması mümkün deyilsə, yarımçıq qalmış körpü də sökülsün və bununla da xalqa verilən gözdağı bitsin.

Sputnik Azərbaycan məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edib. Qurumun sözçüsü Anar Nəcəfli bildirib ki, körpünün tikintisi üçün ilkin olaraq maliyyə vəsait ayrılıb. Lakin müəyyən işlər görüldükdən sonra vəsait bitdiyindən körpünün tikintisi yarımçıq qalıb.

Onun sözlərinə görə, işlərin tam başa çatdırılması üçün AAYDA tərəfindən yeni vəsaitin ayrılması məqsədilə aidiyyatı üzrə müraciət olunub və yaxın vaxtlarda məsələ öz müsbət həllini tapacaq.

Xəbər lenti
0