Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 27 iyun — Sputnik. Son zamanlar Bakı küçələrində sürücülərlə bağlı qəribə hal müşahidə olunur. Belə ki, onlar istədikləri yerdə avtomobillərini saxlayıb qəza işıqlarını yandırıb harasa gedir və ya kimisə gözləyirlər. Hətta yolun ikinci cərgəsində qəza dayanma işığını yandıraraq gözləyən sürücülər də az deyil. Digər sürücülər belə xoşagəlməz hala etiraz edəndə isə, qayda pozan sürücü əsəbi şəkildə, qəza işığını yandırdığını əsas gətirir.
Maraqlıdır, qəza işığını yandıraraq digər avtomobillərin hərəkətinə bu formada mane olmaq doğrudurmu? Belə hallarda hansı tərəf haqlıdır? Bu barədə mövcud qanunlarda nə deyilir?
Mövzunu Sputnik Azərbaycan-a şərh edən "Avtostop" verlişinin aparıcısı, yol-nəqliyyat eksperti Tural Yusifov bildirib ki, qəza dayanma işıqları məhz hadisə baş verən zaman yandırılmalıdır: "Yəni, sürücü özünü pis hiss edirsə, nəqliyyat vasitəsi nasazdırsa, bu zaman qəza dayanma işıqlarından istifadə edə bilər. Qəza dayanma işıqlarını sürücü fövqəladə hallar zamanı yandırmalıdır ki, digər sürücülərə xəbərdarlıq etsin".
Ekspert qeyd edib ki, qəza işığı dayanma-durma işarəsini qüvvədən salmır: "Bu işıqlar nəqliyyat vasitəsini istənilən yerdə saxlayıb, kimisə gözləyən zaman istifadə olunmur. Xüsusilə vurğulayım ki, qəza işıqları sürücüyə heç bir üstünlük vermir".
"Qəza dayanma işıqlarından istifadə edib, dayanma-durma qaydalarını pozan sürücülər 20 manat məbləğində cərimə oluna bilər. Amma bu cərimənin necə tətbiq olunduğunu hamı yaxşı bilir. Yəni DYP əməkdaşları dayanma-durma qaydalarını pozan sürücüləri cərimələmədiyi üçün bu proses təkrarlanır" — deyə ekspert əlavə edib.
Tural Yusifovun sözlərinə görə, digər sürücülər qəza dayanma işıqlarını yandırıb qayda pozaraq onlara mane olan sürücüyə iradlarını bildirə bilərlər: "Sürücü iraddan nəticə çıxarmadığı təqdirdə isə həmin avtomobilinin nömrəsini yol polisinə deyərək ondan şikayət edə bilərlər".
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dövlət Yol Polisi əməkdaşları hər zaman təhlükəsizlik tədbirləri həyata keçirirlər: "Qəza işıqlarından istifadə edərək dayanma və durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunurlar".
Qurumun sözçüsü qeyd edib ki, avtomobildə hər hansı nasazlıq olarsa və sürücü avtomobili dayandırmaq məcburiyyətində qalarsa və ya sürücünün səhhətində problem yaranarsa, avtomobili idarə edə bilməzsə, bu zaman qəza dayanma işıqlarını yandırıb dayanma-durma qaydasını məcburiyyətdən poza bilər: "Amma bu zaman sürücü çalışıb avtomobili elə yerdə saxlamalıdır ki, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmasın".
"Təbii ki, bu zaman DYP əməkdaşı həmin sürücüyə yaxınlaşan zaman sübut etməlidir ki, onun avtomobilində texniki problem var. Əks halda, sürücü dayanma-durma qaydalarını pozduğu üçün 20 manat cərimə oluna bilər. Sürücülər ictimai nəqliyyat dayanacaqlarında dayanma-durma qaydalarını pozarlarsa, bu cərimənin məbləği 40 manat olur" — deyə R.Quliyev vurğulayıb.
Şöbə rəisinin sözlərinə görə, DYP əməkdaşları maksimum dərəcədə belə hallar baş verəndə həmin sürücülərin yanına yaxınlaşaraq məsələni araşdırırlar: "Kömək lazım olan sürücüyə yardım edirlər. Yox, əgər sürücü heç bir səbəb olmadan qəza işıqlarını yandıraraq qanunu pozursa, o zaman o sürücü cəzalandırılır".
"Əgər bir sürücü dayanma-durma qaydasını pozursa və digər sürücülərə mane olursa, həmin sürücülər qayda pozana iradlarını bildirə bilərlər. Əgər sürücü iradlara da məhəl qoymursa və ətrafda xidmət aparan DYP yoxdursa, bu zaman sürücülər Baş Dövlət Yol Polisi idarəsinin qaynar xətti olan "902" nömrəsinə müraciət edərək şikayətlərini bildirə bilərlər" – qurum rəsmisi deyib.