BAKI, 22 iyun — Sputnik. Nəsimi rayonunda, "Bravo" marketlər şəbəkəsinin "Bülbül Ekspres" filialında əlbəyaxa dava olub. Dava zamanı filialda rəhbər vəzifədə çalışan, jurnalist Həbibə Abdullanın bacısı oğlu, 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçiləri tərəfindən döyülərək ağır xəsarət alıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnlaist öz "Facebook" səhifəsində yazıb. O, qeyd edib ki, bacısı oğlu firma əməkdaşı ilə heç bir mübahisə etməyib: "Firma işçisi istehsal tarixi olmayan mal gətirib və o da vəzifəsinin tələbinə uyğun olaraq qəbul etməyib. Firmanın işçisi dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə başından vurub".
"Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib" — H.Abdulla bildirib.
"Gecə saat 3-ə qədər biz xəstəxanalarda qalmışıq. Döyən adamı isə, sağ olsun polislərimiz, tutub sonra da pulunu alıb buraxıblar. Döyən əclafın yekəsi olsa da, ailəsi fağır və mədəni insanlar idi. Döyülən də mədəni və xeyirxah olduğundan şikayətçi olmayıb. Amma belə yalan-yanlış məlumatlar yaymağa davam etsələr, görünür, döyənin ailəsi də, polis də cavab verməli olacaq" — jurnalist vurğulayıb.