Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 22 iyun — Sputnik. Paytaxt sakinləri problemlərdən çıxış yolu kimi intiharı seçməkdədirlər. Ötən sutka ərzində Bakıda iki nəfər intihar edib, bir neçə nəfər də özünü öldürməyə cəhd göstərib. Bu barədə Sputnik Azərbaycan-a paytaxtın hüquq-mühafizə orqanlarından məlumat verilib.
İyunun 21-də saat 14:00-da Bakının Səbail rayonunun Məmmədov küçəsi ərazisində yaşayan, 1953-cü il təvəllüdlü Nəcəfov Əli Qafur oğlu özünü şəxsi mənzilinin vanna otağından asıb. İlkin məlumata görə, kişi ağır onkoloji xəstəlikdən əziyyət çəkirmiş və bu hal onu intihara vadar edib. Faktla bağlı araşdırma aparılır.
İkinci intihar hadisəsi isə Yasamal rayonunun Yeni Yasamal qəsəbəsində baş verib. Ötən gün saat 19:00-da 1965-ci il təvəllüdlü Səfərov Tahir Yusif oğlu özünü öldürmək məqsədilə kimyəvi vasitə olan "Net" boru təmizləyicisini içib. Kişi Toksikologiya Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, 1 saat sonra xəstəxanada vəfat edib. Doğmalarının sözlərinə görə, Səfərov da onkoloji xəstə olub. Bu addımı atmağa onu xəstəliyi vadar edib. Yasamal Rayon Prokurorluğu intiharın səbəblərini araşdırır.
Suraxanı rayonunda da iki nəfər intihara cəhd göstərib. Onların hər ikisi eyni intihar üsulunu seçib. Bülbülə qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Mehdiyev Tural Fəxrəddin oğlu gecə vaxtı essensiya içdiyi üçün Toksikologiya Mərkəzə çatdırılıb. Hazırda pasientin vəziyyəti ağır olaraq qalır.
Qaraçuxur qəsəbəsinin sakini, 1961-ci il təvəllüdlü Qasımov Nazim Cavid oğlu da essensiya içərək ağır vəziyyətdə Toksikologiya Mərkəzinə çatdırılıb.
Suraxanı rayonunun hüquq-mühafizə orqanları hər iki kişinin niyə özünü öldürmək istədiyinin səbəblərinə aydınlıq gətirməyə çalışır.