BAKI, 21 iyun — Sputnik. Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı Beynəlxalq Avtovağzal Kompleksi üçün nəzərdə tutulan və tezliklə əhalinin istifadəsinə veriləcək "Nəqliyyat qovşağı" layihəsini təqdim edib. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
O bildirib ki, layihədə şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların "avtovağzaldan-avtovağzala" prinsipi əsasında hərəkətinin təmin edilməsi nəzərdə tulubub.
Bununla yanaşı, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili, nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi, Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısının alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması da nəzərdə tutulub.