Təbii fəlakət dəmir yolunu da vurdu: Balakən-Bakı qatarı Zaqatalada qaldı

© Sputnik / Shahperi AbbasovaBakı-Balakən qatarı
Bakı-Balakən qatarı - Sputnik Azərbaycan
Abunə olmaq
Balakəndən Bakıya gələn qatar bölgədə baş verən təbii fəlakət səbəbindən Zaqatala rayonu ərazisində dayanmalı olub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Bu gün Balakəndən Bakıya gələn 656-664 saylı qatar bölgədə baş verən təbii fəlakət nəticəsində  Zaqatala rayonu ərazisində dayanmalı olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Köçərli-Balakən qatarı Zaqatala rayonu ərazisindən keçərkən dəmir yollarının üzərindəki maneələr səbəbindən Qax (Kötüklü) stansiyasına vaxtında çata bilməyib.

Araşdırma zamanı məlum olub ki, bu gün günortadan sonra bölgədə güclü külək və yağışla müşayiət edilən təbii fəlakət nəticəsində ağaclar dəmir yolunun üzərinə yıxılıb. Dəmir yolunun üzərinin ağaclardan təmizlənməsi prosesi uzandığı üçün qatar vaxtında bir sonrakı məntəqəyə bir saat on beş dəqiqə gecikmə ilə daxil olub.

Xatırladaq ki, bu gün Azərbaycanın Şəki-Balakən zonası təbii fəlakətlə üzləşib.

Leysan Balakəndə fəsadlar törədib - Sputnik Azərbaycan
Qax və ətraf rayonlarda baş verən təbii fəlakət əhaliyə dəhşətli anlar yaşadıb

Günortadan sonra bölgədə güclü külək başlayıb, şimşək çaxıb, leysan yağışlar yağıb. Qasırğa nəticəsində bölgədəki bir sıra meşəliklərdə, eləcə də açıq vadilərdə ağaclar yıxılıb, evlərin, tövlələrin, obyektlərin pəncərələri qırılıb, dam örtükləri uçub, körpülər dağılıb.

Elektrik xəttlərinin qırılması nəticəsində bölgəyə elektrik verilişində fasilə yaranıb. Bu rayonlarla stasionar telefon əlaqəsi və internet xətləri kəsilib, mobil telefon rabitəsi zəifləyib. Bölgənin bir sıra çaylarında, o cümlədən Katex, Alazan, Kürmük çaylarının vadisində daşqınlar müşahidə edilib.

Yağan yağış və əsən külək fərdi təsərrüfatlara da ciddi ziyan vurub. Xüsusilə taxıl sahələrinə ciddi ziyan dəyib. Əhalinin biçin mərhələsində olan, lakin texnika çatışmazlığı səbəbindən biçilməmiş qalan arpa və buğdası tamamilə yerə yataraq palçığa qarışıb. Lokal sel suları və çay yataqlarında baş verən daşqınlar əhalinin mal-qarasına, toyuq-cücəsinə və bostanlara zərər vurub.
Təbii fəlakətdən Qax rayonu xüsusilə ziyan çəkib. Rayonun bir sıra kəndlərində yıxılan ağaclar həyətlərdəki avtomobillərə və tikililərə zərər vurub.

Bölgənin dağlıq ərazilərini də ildırım vurub. Dağlardakı ağacların bir çoxu külək nəticəsində yıxılıb, bir sıra ağaclara isə ildırım düşüb.

Xəbər lenti
0