CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qax və ətraf rayonlarda baş verən təbii fəlakət əhaliyə dəhşətli anlar yaşadıb

© Photo : APALeysan Balakəndə fəsadlar törədib
Leysan Balakəndə fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Ağaclar, taxıllar yerlə yeksan olub, evlərin, obyektlərin damları uçub, davamlı ildırım əhaliyə dəhşətli anlar yaşadıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Azərbaycanın Şəki-Balakən zonası təbii fəlakətlə üzləşib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün günortadan sonra bölgədə güclü külək başlayıb, şimşək çaxıb, leysan yağışlar yağıb. Qasırğa nəticəsində bölgədəki bir sıra meşəliklərdə, eləcə də açıq vadilərdə ağaclar yıxılıb, evlərin, tövlələrin, obyektlərin pəncərələri qırılıb, dam örtükləri uçub, körpülər dağılıb.

Elektrik xəttlərinin qırılması nəticəsində bölgəyə elektrik verilişində fasilə yaranıb. Bu rayonlarla stasionar telefon əlaqəsi və internet xətləri kəsilib, mobil telefon rabitəsi zəifləyib. Bölgənin bir sıra çaylarında, o cümlədən Katex, Alazan, Kürmük çaylarının vadisində daşqınlar müşahidə edilib.

Yağan yağış və əsən külək fərdi təsərrüfatlara da ciddi ziyan vurub. Xüsusilə taxıl sahələrinə ciddi ziyan dəyib. Əhalinin biçin mərhələsində olan, lakin texnika çatışmazlığı səbəbindən biçilməmiş qalan arpa və buğdası tamamilə yerə yataraq palçığa qarışıb. Lokal sel suları və çay yataqlarında baş verən daşqınlar əhalinin mal-qarasına, toyuq-cücəsinə və bostanlara zərər vurub.
Təbii fəlakətdən Qax rayonu xüsusilə ziyan çəkib. Rayonun bir sıra kəndlərində yıxılan ağaclar həyətlərdəki avtomobillərə və tikililərə zərər vurub.

Bölgənin dağlıq ərazilərini də ildırım vurub. Dağlardakı ağacların bir çoxu külək nəticəsində yıxılıb, bir sıra ağaclara isə ildırım düşüb. Hazırda dağlarda olan qoyun sürülərinə və çobanlara xələl gəlib-gəlmədiyi araşdırılır.

Bölgə əhalisi təbii fəlakətin bir anda, gözlənilmədən baş verdiyini, bu səbəbdən də onlara qorxulu anlar yaşatdığını bildiriblər. Qax rayon sakini Elmar İsmayılov göy guruldayarkən keçirdiyi hissləri Sputnik Azərbaycan-la bölüşüb: "Bir anlıq mənə elə gəldi ki, dağlar yerindən qopacaq. Hər şey bir göz qırpımında baş verdi. İldırım dəqiqələrcə davam etdi və hər yeri işıqlandırdı. Belə hallada bizim dağlarda mütləq adamları, heyvan və ağacları ildırım vurur. Yağış da bir anın içində selə döndü. Düzü çox qorxduq".

Fermer Şahin Məmmədovu isə taxılların məhv olması narahat edib. "Onsuz da son günlər yağışların intensiv yağması və üstəlik də kombaynların çatışmaması səbəbindən taxıllarımız biçilməmiş qalmışdı. Bu fəlakət nəticəsində isə bir illik zəhmətimiz hədər getdi. Bundan sonra yerə yıxılıb palçığa qarışmış taxılları yığmaq çətin ki, mümkün olsun" — deyə fermer bildirib.

Bölgə əhalisini narahat edən əsas səbəblərdən biri də belə günlərdə elektriklərin kəsilməsi və bəzən bir neçə gün bərpa edilməməsidir.  

Xəbər lenti
0