BAKI, 8 iyun — Sputnik. İyunun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris mərkəzində "Gilan Holding"-in, FHN-in, Gənclər və İdman Nazirliyinin, həmçinin Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə, Bakıda ötən il təşkil olunmuş möhtəşəm yarışmanın davamına start veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, "Mübarizlər" layihəsi ekstrim sevərlərə fəal istirahətin tam yeni formatını təklif edir — çətin keçilən ərazidə maneəli qaçış. Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun.
Komanda iştirakı üçün 5 km uzunluğu olan trası fəth etmək lazımdır. Çempionat iştirakçılarını isə 7 km-lik və 42 maneədən ibarət marşrut gözləyir.
Ötən ilin yarışmasından fərqli olaraq bu mövsümdə "Mübarizlər" hər iki formatda iştirak edənlər üçün pul mükafatı hazırlayıb. Ümumi mükafat fondu 15 000 AZN təşkil edir. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək Super Finala vəsiqə qazanmış olacaqlar. Bundan əlavə, fəal iştirakçıları çoxsaylı dəyərli hədiyyələr gözləyir.
Hər iki format üçün avto park, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinaları və geyinib-soyunma otaqları nəzərdə tutulub. Fiziki formasından asılı olmayaraq yarışmada hər kəs iştirak edə bilər.
Hazırda maneəli yarışmalar bütün dünyada məhşurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilərək, bu yarışmalar artıq klassik idman növlərini geridə qoyur.
Dünyanın ən məhşur trendlərindən birinə qovuşmaq, idman və sağlamlıq festivalında əylənmək və həmfikirlərlə ünsiyyat yaratmaq üçün bu unikal şansı əldə etmək təklif edilir. Yarışmada iştirak etmək üçün biletləri "Iticket" kassalarından əldə etmək mümkündür.