BAKI, 8 iyun — Sputnik. Əgər İraq hökuməti PKK/YPG/PYD terror qruplaşmasının öhdəsindən gələ bilməzə, onda Türkiyə İraqın üç regionu – Qəndil (Kandil), Sincar və Mahmura zərbələr endirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" telekanalına müsahibəsində bildirib.
"Əgər rəsmi Bağdad bu problemi həll edə bilmirsə, onda biz heç kimdən soruşmadan Sincar, Qəndil, hətta Mahmura zərbələr endirəcəyik" — deyə Ərdoğan bəyan edib.
Türkiyə prezidenti vurğulayıb ki, hava hücumları istənilən an həyata keçirilə bilər.
Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub. Türkiyə KİV-nin yaydığı məlumata görə, görüş zamanı ABŞ-la Türkiyə arasında terrorçu PKK/YPG/PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Menbiç bölgəsindən çıxmasına dair texniki razılaşma imzalanıb.
Ümumilikdə razılaşma üç mərhələdən ibarətdir. Birinci mərhələdə, PKK/YPG/PYD terrorçuları tərəflər razılaşmanı imzaladıqları vaxtdan – iyunun 4-də başlayaraq 30 gün müddətində Menbiçi tərk edəcək. İkinci mərhələdə, razılaşmadan 45 gün keçəndən sonra Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq.
Üçüncü mərhələdə isə iyunun 4-dən sonrakı 60 gün ərzində Menbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.