Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 6 iyun — Sputnik. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib.
Yeni dəyişiklikdə nəzərdə tutulur ki, yol hərəkəti qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb edilən əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunsun.
Sputnik Azərbaycan qanunda edilən dəyişikliyin nə kimi yeniliklər gətirəcəyini mütəxəssislərdən soruşub.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, qanunda olan ziddiyətləri aradan qaldırmaq məqsədi daşıyır: "Qərar əvvəldən də var idi. Sadəcə olaraq, digər qanunlarla ziddiyət təşkil edirdi. Bu ziddiyətin olmaması üçün texniki dəyişiklik edilib. Bu qərar qəbul ediləndə düşünülmüşdü ki, korrupsiyaya qarşı mübarizəyə müəyyən töhfəsi də olacaq. Polislərin artıq sürücülərdən təmənna güdməsinə son qoyulacaq. Belə də oldu. Uzun müddətdir ki, bunu müşahidə edirik".
"Doğrudur, bəzi sürücülər iddia edirlər ki, rüşvət verərək qanundan yayınırlar. Hətta bu yaxında Gəncədə belə hal baş vermişdi. Həmin yol polisi əməkdaşı, hətta işdən azad da edildi" — Muradlı qeyd edib.
Onun sözlərinə görə, yol polisləri ilə söhbət zamanı özləri etiraf edirlər ki, bu fərman onların işinə böyük təsir edir: "Sürücüdən 10-20 manat alıb gözükölgəli qalmaqdansa, qanuni halda qayda pozuntusu edən sürücülərə protokol yazaraq əlavə pul qazanırlar. Hətta elə yol polisləri var ki, yazdığı protokolların faizi ilə birlikdə aylıq 3000-5000 manat əmək haqqı alır".
Ekspert iddia edir ki, yolda xidmət edən polis 3000-5000 manat aldığı halda, hər hansı şöbə rəisi 700-800 manat əmək haqqı alır: "Bu zaman müəyyən uyğunsuzluqlar yaranır. Düşünürəm ki, onların işində də faiz məsələsi tətbiq edilsə, orada baş verən neqativ halların həll olmasına səbəb olar".
Hüquqşünas Elyar Həsənov isə hesab edir ki, bu məsələdə diqqətli olmaq lazımdır: "Dövlət qulluqçusunun sosial vəziyyətini yaxşılaşdırmaq üçün ona əmək haqqı verilir və bu, bütün dünyada belədir. Dünya praktikasından misal çəkə bilməsəm də, deyə bilərəm ki, bu, tək bizdə belə deyil".
"Çox güman ki, başqa dövlətlərdə də bu qanun tətbiq edilib. Zənnimcə, bundan sonra polislər daha çox cərimə yazmağa meylli olacaqlar. Ölkəmizdə müxtəlif sahələrdə inkişaf getdiyi bir ərəfədə belə bir qanunun tətbiq edilməsi müəyyən xoş olmayan meyllərə yol aça bilər", — deyə E.Həsənov vurğulayıb.