Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 6 iyun — Sputnik. Dünən respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələ nəticəsində Qax rayon Qaratala kənd orta məktəbinin dam örtüyü çöküb. Fərdi yaşayış evlərində, tövlələrdə, yardımçı tikililərdə ciddi çatlar meydana çıxıb.
Kəndin 80 yaşlı sakini Nazilə Abbasova Sputnik Azərbaycan-a deyir ki, bu yaşına qədər bölgədə çox zəlzələnin şahidi olub, amma bu qədər uzun çəkən zəlzələ ilə ilk dəfədir qarşılaşır. Onun dediyinə görə, zəlzələ, təqribən, 1 dəqiqəyə qədər davam edib.
"Evdə oturmuşduq. Birdən itlər hürüşməyə başladı. Adətən heyvanlar zəlzələni insanlardan daha əvvəl hiss edirlər. İtlərin hürüşməyə başlamasından, təqribən, 2 dəqiqə sonra zəlzələ başladı. Sanki at arabasında çınqıllı yolla gedirdik. Oturduğumuz stullar yerindən hoppanırdı, evdəki əşyalar yerlərini dəyişirdi. Şkafdakı qab-qacaq, kitablar tökülməyə başladı. Televizorun altlığı yellənəndə oğlum televizor düşməsin deyə onu tutdu" — deyir kəndin digər sakini Şamama Abdullayeva.
Zəlzələ baş verən anda Qaratala kəndində qonaq olan Əlövsət Qasımov isə hadisəni yumorla nağıl edir: "Dostlarla birlikdə yeyib-içirdik. Bir də gördük ki, stolun üstündəki qablar bir-birinə dəyib cingildəyir, butulkalar isə yerlərindən hoppanır. Əvvəl elə bildim ki, mənə nəsə olub. Sonra dostların reaksiyasından başa düşdüm ki, zəlzələdir. Qapı açıq idi. Gördüm ki, həyətdə siqaret çəkən dostlardan biri evin pilləkənlərinə sarı gəlməyə çalışır, amma ayaqları bir-birinə dolaşır. Bizdən soruşur ki, nə baş verir, ayaqlarım getmir. Mən də dedim, çox içmisən, hamısı bundandır. Baş verənlər əvvəlcə bizi qorxutsa da, sonra yeyib-içməyə davam etdik".
Qaxın Güllük kənd sakini Mənəf dayı da yaşadıqlarını Sputnik Azərbaycan-a danışır: "Yoldaşım paltaryuyan maşına paltarları atmışdı ki, yuyulsun. Biz zəlzələ anında aşmaqda olan ev əşyalarını tutmağa çalışarkən, bir də gördük ki, o ağır paltaryuyan maşın işləyə-işləyə yanı üstə aşdı. Ev əşyalarımız ziyan gördü, ayrıca evin özü bir neçə yerdən çatladı. Əsas odur, adamlara heç nə olmasın, əşyadan, evdən gələn ziyan boş şeydir".
Zəlzələ Zaqatalanın bir çox kəndlərinə ziyan vurub. Rayonun Dardoqqaz kəndində xeyli ev zərər görüb. Bəzi yardımçı tikililər yıxılıb, evlərin damları çöküb, divarları çatlayıb. Rayonun Göyəm kəndində sakinlərdən birinin həyətindəki tövlə uçub, tövlədəki mal-qara yaralanıb. Bəzi kəndlərdə su boruları, elektrik xəttləri sıradan çıxıb.
Balakən rayonunun sakinləri də zəlzələni ciddi hiss ediblər. Rayondakı evlərin çoxunda çatlar əmələ gəlib, məişət avadanlıqlarına ziyan dəyib.
Qeyd edək ki, dünən saat 22.40 radələrində Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ Zaqatala ərazisində 5,5 bal gücündə qeydə alınıb.
Zəlzələnin təsiri ətraf rayonlarda, o cümlədən Qarabağ ərazisində, Bərdə rayonunda da hiss olunub.