BAKI, 5 iyun — Sputnik. Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) doğum günüdür. Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərnəşr"in keçmiş redaktoru olub.
Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı şairlərdəndir. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Əslən Xızı rayonundandır. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfününü dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).
Məktəb fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Hazırda bu məktəb onun adını daşıyır.
Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı olan "Küləklər" 1930-cu ildə nəşr olunub.
O, bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə), Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb.
Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda repressiya dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.
Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.