BAKI, 24 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 civə sütunu, nisbi rütubət 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mayın 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 25-də hava şəraiti günün birinci yarısınadək əksər rayonlarda əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında isə bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, axşam saatlarında durğun hava şəraiti diskomfort hissi yarada bilər.