BAKI, 24 may — Sputnik. İran nüvə razılaşmasına sadiq qalmaları üçün Avropa İttifaqı ölkələrinə 7 tələb ünvanlayıb. Sputnik Azərbaycan "Al Jazeera"ya istinadən xəbər verir ki, tələbləri İranın ali dini lideri Əli Xameneyi ölkənin hakimiyyət nümayəndələri ilə görüşü zamanı bildirib.
Bu şərtlər arasında Avropa bankları tərəfindən İranla ticarət sahəsində əməkdaşlığın davam etdiriləcəyinə dair zəmanətin verilməsi və Avropa İttifaqı ölkələri tərəfindən İran neftinin satışına dair zəmanətin verilməsi də var.
Bundan əlavə, rəsmi Tehran Avropa ölkələrini danışıqlar zamanı İranın raket proqramına və regional aktivliyinə müdaxilə etməməyə çağırıb. Xameneyinin sözlərinə görə, Avropa İttifaqı ölkələri İranla bağlanan nüvə sazişi üzrə onlara güvənməyin mümkün olduğunu sübut etməlidir.
Qeyd edək ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla bağlanmış nüvə sazişini ləğv edib. O, İsrailin İranın nüvə fəaliyyətlərinə dair təqdim etdiyi dəlillərin Tehranın yalan danışdığını sübut etdiyini deyib. Tramp Tehranın nüvə silahı istehsalı cəhdlərini davam etdirdiyini bildirib.
ABŞ dövlət başçısı sözügedən nüvə sazişini tarixdə yol verilən ən böyük fəlakət adlandırıb.