BAKI, 17 may — Sputnik. Azərbaycan Kapoeyra Federasiyasında kadr dəyişikliyi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov istefa verib. Səhhətində problem yarandığı üçün T.Orucov ərizə yazaraq vəzifəsindən istefa verib. Onun yerinə isə bir neçə ildir kapoeyra federasiyasının baş məşqçisi kimi çalışan Nahid Ağazadə keçib.
Qeyd edək ki, kapoeyra döyüş sənəti Azərbaycana ilk dəfə 1997-ci ildə ixtisasca hüquqşünas olan Taleh Orucov tərəfindən gətirilib.
2007-ci ilin sonunda AKF təsis edilib və dövlət qeydiyyatına alınıb. İlk prezidenti Taleh Orucov olub. 2011-ci ildən AKF Dünya Kapoeyra Federasiyasının üzvüdür. Məhz dünya çempionatının bu ay Bakıda keçirilməsi onun təşəbbüsü ilə baş tutub.