Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 14 may — Sputnik. Bakıda ictimai nəqliyyatdan nağdsız istifadəni təmin edən Bakıkart-ın balansını doldurmaq üçün müvafiq terminallar çatışmır.
Sputnik Azərbaycan-ın məlumatına görə, belə vəziyyət təkcə Bakı ətrafında deyil, paytaxtın mərkəzi küçələrində də müşahidə edilir.
Misal üçün, paytaxt avtobuslarında nağdsız ödəniş sisteminə 2014-cü ildən keçilməsinə baxmayaraq, hələ də balansı yükləmək üçün hətta heç Səhiyyə Nazirliyinin və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin yanındakı dayanacaqlarda belə terminallar quraşdırılmayıb.
Eyni vəziyyət "Neftçilər" xəstəxanasından "28 may" metrostansiyasına gələn yolda da mövcuddur.
Qeyd edək ki, klinikanın qarşısındakı dayanacaqda kartın balansını artırmaq üçün terminal olsa da, onun tez-tez sıradan çıxması sərnişinləri alternativ nəqliyyat vasitəsi axtarmağa, ya da piyada getməyə vadar edir.
Yeri gəlmişkən, nəqliyyat xidməti "Sahil" metrostansiyası bağlanandan sonra ümumiyyətlə sərnişinlərin rahatlığının qayğısına qalmağı yaddan çıxarıb. Nəzərə almayıblar ki, sərnişinlər Bakıkart-ı metroda yükləyib ondan avtobuslarda da istifadə edirdilər. İndi isə onlar "Sahil" metrosunda yenidənqurma işləri ilə əlaqədar olaraq, gediş-gəliş kartlarını başqa yerlərdə yükləməlidirlər.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev belə bir problemin olduğunu qəbul edir. O, vəziyyətə aydınlıq gətirməyə də çalışıb.
Onun sözlərinə görə, adətən ekspertlər avtobus marşrutlarının trayektoriyasını izləyərək Bakı sakinlərinin ən çox və tez-tez istifadə etdiyi dayanacaqları öyrənirlər. Bu dayanacaqlarda gediş haqqlarının kartlara yüklənməsi üçün terminallar quraşdırılır.
Bakıda ümumilikdə 1,2 min avtobus dayanacağı var. Karta balans yükləmək üçün lazım gələn terminalların sayı isə cəmi bir neçə yüzdür.
Bakı metropolitenində 145, avtobus dayanacaqlarında 54 terminal var. Bundan əlavə MilliÖn şirkətinin 184 terminalı var ki, onlar da kartlara pulların yüklənməsi xidmətini həyata keçirir.
"Bu gün sərnişinlərin avtobuslardan problemsiz istifadəsi üçün kifayət qədər terminal var" — deyə Ağayev bildirib.
O, əlavə edib ki, 2018-ci il ərzində 700 avtobusun nağdsız ödəniş sisteminə keçməsi planlaşdırılır. Bununla əlaqədar olaraq, bu marşrutların yollarında balansın yüklənməsi üçün terminallar quraşdırılacaq. Lakin BNA həmin aparatları bütün dayanacaqlarda quraşdırmaq barədə düşünmür. Çünki artıq bir sıra yerlərdə terminallar quraşdırılıb, əlavələr isə sərnişin axını istiqamətləri analiz edildikdən sonra quraşdırılacaq.
BNA nümayəndəsi onu da bildirib ki, terminallar kifayət qədər bahadır. Ona görə də Agentlik dövlət vəsaitlərini boşuna israf etmək istəmir.