BAKI, 12 may — Sputnik. ABŞ prezidenti Donald Trampın İranla imzalanan nüvə sazişindən çıxmaq haqqında qərarı bölgədə açıq savaş təhlükəsindən xəbər verir. Maraqlıdır ki, Trampın bu qərarı NATO daxilində də birmənalı qarşılanmayıb və Vaşinqtonun müttəfiqləri Trampı sərt şəkildə tənqid etməyə başlayıblar.
ABŞ-ın nəzarətində olan NATO-da mövcud olan fikir ayrılığı alyansının parçlanmasına, Rusiyanın, İranın və Türkiyənin güclənməsinə səbəb ola bilər.
Birləşmiş Ştatların İrana iqtisadi təzyiqlərinin artacağını nəzərə alsaq, Tehranın bundan sonra yeni dostlar qazanması daha da çətinləşəcək. Bu isə İrana Moskva və Ankara ilə yaxınlaşmaqdan başqa yol buraxmaya bilər. Tehranda Qərbə qarşı sərt xətt tərəfdarlarının məhz Rusiya ilə münasibətləri möhkəmlətmək istədikləri də açıq sezilir.
Proseslərin bu səpkidə cərəyan edəcəyini Trampın strateqləri də hesablayırdılar. Deməli, Vaşinqtonun Tehrana bu qədər aqressiv yanaşmasının səbəbi də daha dərinə gedir. Məsələ ondadır ki, İran Birləşniş Ştatların Yaxın Şərqdəki geosiyasi planlarına ciddi maneə yaradır. Vaşinqonun məqsədi Yaxın Şərqdə etnik və məzhəb savaşına nail olmaqdır. Bunun həyata keçirilməsi mexanizmləri isə əsasən etnik qarşıdurmalar meydana gətirmək və məzhəblər arasında ixtilaflar yaratmaqdan ibarətdir. Bunun əlamətləri kimi, Suriya və İraqda yeni səviyyədə etnik və məzhəbçi qarşıdurmaların kəskinləşməsini göstərmək olar.
ABŞ kimi böyük bir güc olan İranı hədəfə alaraq, onu zərərsizləşdirmək istəyirsə, ilk növbədə bu ölkə mühasirəyə alınmalıdır. Artıq bu kontekstdə də fəaliyyətə başlayıb. Hələlik, ABŞ özü prosesə birbaşa müdaxilə etməsə də, İranla Səudiyyə Ərəbistanı arasında Yəmən üzərindən müəyyən ixtilafların yaşanmasına nail ola bilib. rəvac verib. Buradakı iranpərəst husilərin üsyanı Əl-Riyadı İrana qarşı müəyyən addımlar atmağa təhrik edib. ABŞ dolayısı ilə Əl-Riyada ən müasir silahlar verməklə onu İranla toqquşmağa sövq edir. Digər tərəfdən, iki müsəlman ölkəsi arasında münaqişə yaratmaqla onların ikisini də özündən asılı vəziyyətə salmağa çalışır. Vaşinqton həmçinin, Misir, BƏƏ, Bəhreyn və Küveyti də İran əleyhinə olaraq ərəb koalisiyasında birləşdirmək istəyir. Bütün bunlar da birbaşa İsrailin təhlükəsizliyinə xidmət edən siyasətdir.
Bütün hallarda Donald Trampın İranla bağlı ifadə etdikləri regionda gərginliyi daha da artırır. Amerika bölgədə yeni İŞİD formalaşdırmağa cəhd göstərir. İrana qarşı savaşda yeni İŞİD əvəzsiz xidmətlər göstərə bilər. Bizi daha çox bu proseslərin Azərbaycana təsiri maraqlandırır.
Təbii ki, İranın mühasirəyə alınması üçün təkcə Yaxın Şərq ölkələrinin Tehrana qarşı olması yetərli deyil. Azərbaycan və Ermənistan kimi dövlətlər İranla quru sərhədində yerləşir. Ona görə İranı tamamilə mühasirəyə almaq üçün ABŞ-ın Azərbaycan və Ermənistanla da bu istiqamətdə siyasət yürütməsi mümkündür. Ola bilsin ki, bu istiqamətdə konkret fəaliyyət də mövcuddur. Sadəcə, dövlətlər səviyyəsində açıqlanmır. Lakin ABŞ-ın Ermənistanla Azərbaycanı İrana qarşı savaşa cəlb etməsi məsələsi müəyyən mənada problematikdir. Azərbaycan qonşu müsəlman ölkəsilə hər hansı bir böhran yaradacaq siyasət və hadisələrə yol vermək istəmir. Azərbaycan regionda yeni bir savaşın çıxmasının da əleyhinədir. Bakıda bilirlər ki, İranla hər hansı bir münaqişənin olacağı təqdirdə, regionda böyük humanitar faciə yaşana bilər. Onun da əsas əziyyətini İran daxilindəki soydaşlarımızın kütləvi miqrasiyası nəticəsində məhz Azərbaycan çəkə bilər. Ermənistan da İrana qarşı savaşmaq istəmir. İran bütün zamanlarda Ermənistan üçün xilas kəməri rolunu oynayıb. Bu baxımdan, ABŞ-ın Bakı ilə İrəvanı İrana qarşı qoymağa nail olması real görünmür. Vaşinqton bütün hallarda bu istiqamətdə siyasətini davam etdirmək niyyətindədir. İranı çökdürmək üçün Vaşinqtonun bu cür siyasətə böyük ehtiyacı vardır. Ancaq Bakı ilə İrəvanın buna gedəcəyi gözlənilmir. Digər tərəfdən, ABŞ dəfələrlə alət olaraq istifadə etdiyi dövlət və yaxud hərbi gücləri sonradan kənara atıb. Azərbaycan ABŞ üçün geosiyasət aləti olmaq istəmir. Azərbaycan birmənalı olaraq bu prosesdən kənarda qalmaq istəyir. Bakıda anlayırlar ki, İrana qarşı aksiyada Azərbaycan ərazisindən istifadəyə yol vermək mümkün deyil. Azərbaycan İranın təhdidlərinə hədəf olmaq niyyətində deyil. Unutmaq olmaz ki, Azərbaycanla İran arasında iki müqavilə mövcuddur və Bakı prosesə qatılmayacağını öncədən bəyan edib.
Istənilən halda İrana qarşı dairə qapanmaqdadır. İlk baxışdan, proseslərin Azərbaycanın maraqlarına müsbət təsir göstərəcəyini ehtimal edə bilərik. İranın sanksiyalarla üzləşməsi Azərbaycanın geostrateji əhəmiyyətini artıra bilər. Lakin İranla savaş bütün bölgəni, o cümlədən Azərbaycanı da öz ağuşuna ala bilər. Burada son dərəcə vacib olan bir məsələyə diqqət yetirmək lazım gəlir. İran hadisələrindən istifadə edən qüvvələr Azərbaycanda da məzhəb savaşını alovlandırmağa çalışdılar. Bakı bu məsələdə neytrallığını qorumağa çalışır. İrandan gələcək milyonlarla qaçqını Azərbaycan qəbul etməyə hazır deyil və qonşu ölkə ilə problem yaşamaq istəmir. Düzdür, Tehran heç vaxt müstəqil Azərbaycanı həzm etməyib. İranın fəaliyyəti üçün zəmin də mövcuddur. Müştərək mədəni amillər və şiəçilik Tehranın işlərini asanlaşdırır. Bakı bunu anlayır və onşuluğunda alovlanan məzhəb və etnik savaşdan sığortalanmaq üçün neytrallıq nümayiş etdirməyə məhkumdur. Bu məsələdə tərəf kimi çıxış etmək yolverilməzdir…