BAKI, 10 may — Sputnik. Suriya prezidenti Bəşər Əsəd ABŞ prezidenti Donald Trampla görüşmək imkanı barədə suala cavab verərkən bildirib ki, istənilən görüşün nəticəsi olmalıdır və görüş zamanı Tramp kimi ardıcıl olmayan siyasətçi ilə nələrə nail olunacağı məlum deyil. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Suriya lideri Yunanıstanın "Katemirini" nəşrinə müsahibəsində deyib.
"Düşünmürəm ki, biz belə bir hökumətlə uğura nail ola bilərik. Daha bir səbəb budur ki, biz prezident Trampın ABŞ-a nəzarət etdiyinə inanmırıq. Biz hesab edirik ki, real hökumət ABŞ-da istənilən prezidenti idarə edir. ABŞ-da həmişə belə olub. Ən azı son 40 ildə, Niksonun dövründən bəri, ola bilsin ki, lap əvvəl də. Lakin indi hər şey daha intensivdir və Tramp buna nümunədir", — deyə Suriya prezidenti vurğulayıb.
Onu "heyvan Əsəd" adlandıran ABŞ prezidentinə cavab verən Suriya lideri xatırladıb ki, prezident ilk növbədə öz xalqını və ölkəsini təmsil edir: "Mən düşünmürəm ki, dünyada bu cür dildən istifadə edən millət, cəmiyyət var. Şəxsən bu, məni narahat etmir. Çünki mən bu məsələyə siyasətçi kimi yanaşıram. Bu, şəxsən mənə təsir etmir. Önəmli olan mənim ölkəmə, müharibəyə, terrorçulara təsir edən şeylərdir".
Əsəd eyni zamanda ABŞ-ı Suriyada terrorçuları dəstəkləməkdə ittiham edib: "ABŞ-ın Suriyada yeganə missiyası terrorçuları dəstəkləməkdir. Yaxın Şərqdə yeni növ dünya müharibəsi gedir".
Suriya prezidenti bəyan edib ki, onun əsas tərəfdaşları Rusiya və İran deyil, Suriya xalqıdır: "Əgər siz məndən bir prezident kimi mənim əsas tərəfdaşlarım barədə soruşsanız, cavab verərəm ki, mənim əsas tərəfdaşlarım Suriya xalqıdır. Siz məndən Suriyanın tərəfdaşlarını soruşsanız, onda onlar iranlılar və ruslardır. Təbii ki, bizi Təhlükəsizlik Şurasında siyasi cəhətdən dəstəkləyən Çin də bizim tərəfdaşımızıdır. Çinlilər Suriyanın suverenliyini dəstəkləyirlər".