Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rövşən Lənkəranskinin "qardaşı"nın neft milyonları müsadirə edildi

Abunə olmaq
Pul yerli cinayətkar klanlardan birinə məxsus olub və "Avropa obşakı" adlandırılan oğru dünyasına məxsus kassaya daxil edilmək üçün Berlinə göndərilirmiş

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Türkiyə Milli İstihbarat Təşkilatı (MİT, Milli Kəşfiyyat Təşkilatı — red.) İstanbul Atatürk Hava Limanında əməliyyat keçirib. Nəticədə İstanbul-Berlin reysi ilə uçmağa hazırlaşan bir sərnişindən (adı açıqlanmır) sərhəddə gömrük xidmətinə bəyan edilməmiş 8 milyon 675 min ABŞ dolları məbləğində pul müsadirə edib. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbələr məlumat verib.

Tapança, arrxiv şəkli - Sputnik Azərbaycan
Kriminal aləmdə yeni müharibə gözlənir: Erməni “qanuni oğru” Lotu Quliyə şər atıb

Pul yerli cinayətkar klanlardan birinə məxsus olub və "Avropa obşakı" adlandırılan oğru dünyasına məxsus kassaya daxil edilmək üçün Berlinə göndərilirmiş. Qeyd edək ki, "Avropa obşakı" azərbaycanlı qanuni oğru Rövşən Canıyevin (2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranski — red.) "qardaşı" adlandırılan çeçen kriminal avtoritet Həmzət Qastəmirovun (Şeyx Həmzət) nəzarətindədir. Maraqlıdır ki, xüsusi xidmət orqanlarının müsadirə etdiyi pul cinayətkar klan tərəfindən türk cənub neft nəqlindən əldə olunub.

Əldə etdiyimiz məlumatlara görə, Türkiyənin hərbi əməliyyatların getdiyi İraq və Suriya ilə həmsərhəd ərazilərində nəzarətdən kənar neft ticarəti üçün əlverişli şərait yaranıb. Bir sıra kriminal avtoritetlər 2009-cu ildən etibarən öz fəaliyyətlərini neft "qara bazarı"nda davam etdirirlər. Belə ki, onlar "qara qızıl"ın ticarəti ilə məşğul olan özəl şirkətləri himayə edirlər.

Dünya KİV-ləri Beynəlxalq terror təşkilatı olan "İslam dövləti"nin (İŞİD) Suriya və İraqdan qaçaqmalçılıq yolu ilə Türkiyəyə gətirdiyi nefti qara bazarda dempinq qiymətə satdığını dəfələrlə yazıb. Bu barədə Avropanın konsaltinq şirkətlərinin (Norveçin Rystad Energy AS şirkəti) hesabatlarında da bəhs edilib.

İŞİD bu nefti İraq və Suriyanın daxilində əldə edərək onun əsas hissəsini Suriya — Türkiyə sərhəddinə nəql edir. Vaxtilə Səddam Hüseynə beynəlxalq sanksiyaların təsirinin aradan qaldırılmasında yardım etmiş qaçaqmalçılar və korrupsiyalaşmış sərhədçilər indi elə şərait yaradırlar ki, İŞİD nefti ixrac edərək nağd pul gətirsin.

Heç də hər bir "qanuni oğru" cənub trafikinə giriş imkanı ilə öyünə bilməz. Azərbaycandan olan yalnız bir "qanuni oğru" bu bazardan haqq alırdı ki, o da artıq həyatda yoxdur.

Rusiya mafiyasının sabiq "xaç atası" Aslan Usoyan (Ded Xasan) İraqın neft bazarına gedib çıxan ilk avtoritetlərdən olub. Ded Xasanın hakimiyyəti o qədər güclü idi ki, o, təkcə Rusiya Federasiyası hökuməti ilə sıx əlaqələri ilə kifayətlənə bilməzdi. Usoyanın güclü təsiri təkcə Moskva, Sankt-Peterburq və Rusiyanın mərkəzi regionları ilə məhdudlaşmırdı, həm də yaxın və uzaq xaricin bir sıra ölkələrində də mövcud idi. Milliyyətcə kürd olan Usoyan İraqın güclü kürdləri ilə asanlıqla əlaqə qurmuş və onların vasitəsilə neft bazarlarına nəzarət etməyə başlamışdı.

Rövşən Lənkəranskinin məzarı - Sputnik Azərbaycan
"Lotu Quliyə sui-qəsd işi"ndə gəlişmə: Lənkəranskinin qardaşı Bakıya döndü

Maraqlıdır ki, Ded Xasanın bu cür əlaqələrini həyata keçirən qurum olaraq rəsmən yalnız bir xüsusi mülkiyyət müəssisəsi — "Qara Volqa" qeydiyyata alınıb. Bir sıra məlumatlara görə, Usoyan İraq nefti ilə bağlı fırıldaqlarda iştirak etməyə hələ 1993-cü ildən PKK lideri olan və 1999-cu ildən Türkiyə həbsxanasında ömürlük həbsə məhkum edilmiş Abdulla Öcalanın köməyi ilə başlayıb.

Usoyanın Türkiyədə fəaliyyət göstərən terror təşkilatı — Kürd İşçi Partiyasının (PKK) silah tədarükçüləri arasında yer aldığından çox danışılıb. Onun bu işdə əsas ortaqlarından biri də kürd terror hərakatının əsas silah tədarükçüsü Mehmet Öcalan (Abdulla Öcalanın qardaşı) olub.

Ded Xasan 2013-cü il yanvarın 16-da gündüz vaxtı öldürülüb. "Qanuni oğru" Moskvanın mərkəzindəki mənzil-qərargahından — Povar küçəsində yerləşən "Starıy fayton" (Köhnə fayton) restoranından çıxarkən snayper onu səssiz "Val" tüfəngi ilə boynundan atıb.

Bu arada qeyd edək ki, yaxın vaxtlarda Şeyx Həmzət yenidən Azərbaycana gəlməyə hazırlaşır. Onun ölkəmizə gəlişinin məqsədi hələlik məlum deyil. O, 2017-ci ilin avqustunda Rövşən Lənkəranskinin qəbrini ziyarət etmək üçün Azərbaycana gəlmişdi.

Xəbər lenti
0