Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qardaşı Türkiyə məhkəməsindən bəraət alaraq Azərbaycana qayıdıb. Artıq bir neçə gündür ki, Keşlə Gömrük Postunun sabiq rəisi Namiq Canıyev Bakıdadır. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbə məlumat verib.
Xatırladaq ki, bu il yanvarın 8-də İstanbul məhkəməsinin qərarı ilə Namiq Canıyev azadlığa çıxıb. Canıyevlə birlikdə ötən ilin noyabrında digər azərbaycanlı qanuni oğru Nadir Səlifova ("Lotu Quli") sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanan bütün azərbaycanlılar azad edilib.
Qeyd edək ki, KİV-də yayılan məlumatlara görə, 2 noyabr 2017-ci il tarixində, 22 il həbsdə yatmış və Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ötən il azadlığa buraxılmış Nadir Səlifova qarşı sui-qəsdə cəhd edilib. Səlifov azadlığa çıxandan sonra İstanbula qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.
Daha əvvəl verilən məlumata görə, "Lotu Quli"ni qətlə yetirmək üçün ona hücum təşkil etməkdə şübhəli bilinən bir qrup killer İstanbulda toplaşıb. Hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində killerlər qrupu İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür ticarət mərkəzi"ndə saxlanılıb.
O zaman sui-qəsdin təşkilinə görə Canıyev günahlandırılırdı. Hesab edilirdi ki, o, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrahman Çolak, Orxan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Dənizçi və Mehmet Sabri Şirindən ibarət killerlər qrupuna rəhbərlik edir. Onların arasında "qanuni oğru", Hacı Beyləqanski adı ilə məşhur olan Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.
Lakin araşdırma zamanı Nadir Səlifova qarşı sui-qəsdin hazırlandığına dair iddia təsdiqini tapmayıb, Namiq Canıyevin sui-qəsddə iştirakı barədə iddia da həmçinin.
Hələlik Canıyevin 3 aydan artıqdır uzaqlaşdığı işinə bərpa olunmaq məsələsini necə yoluna qoyacağı məlum deyil.
Mənbə bildirib ki, Canıyevlə birlikdə Hacı Beyləqanski, Camal Həsənov və Orxan İsmayılov da azadlığa buraxılıb. Türkiyənin "Şirinlər" cinayətkar klanının qalan digər nümayəndələri isə hələ də dəmir barmaqlıqlar arasındadır. Onlar bir sıra digər cinayətlər törətməkdə günahlandırılırlar.