BAKI, 10 may — Sputnik. Bu gün Serbiyanın Novi Sad şəhərində karate üzrə Avropa Çempionatına start verilib.
Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, milli komandanın iki üzvü artıq uğurlu nəticə göstərib. Şəxsi kata yarışında Roman Heydərov hollandiyalı idmançı Deul Wouterə 5:0 hesab ilə qalib gələrək növbəti mərhələyə keçib. İngiltərəli rəqibini də üstələyən idmançımız, latviyalı rəqibi ilə görüşüb. Roman Heydərov bu yarışdan da qalib ayrılsa da, növbəti döyüşdə türkiyəli rəqibinə qalib gələ bilməyib və 12 mayda bürünc medal uğrunda mübarizə aparmalı olacaq.
Kumite yarışında Şahin Atamov da bir neçə döyüşdə qalib gələrək adını finala yazdırıb.
Şəxsi kata yarışında idmançımız Neda Rezai türkiyəli idmançıya 0:5 hesabı ilə uduzaraq yarışla vidalaşıb.