CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir əsr yaşı olan yenilməz qəhrəman

© Sputnik / Musa Muradlı100 yaşlı müharibə veteranı Məcid cavad oğlu Quliyev
100 yaşlı müharibə veteranı Məcid cavad oğlu Quliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin iyun ayının 7-də Məcid babanın 100 yaşı tamam olacaq

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Faşizm üzərində qələbədən 73 il ötür. Hər ilin 9 mayını qələbə günü olaraq qeyd edir, göstərdikləri qəhrəmanlıq və şücaətlərinə görə veteranlarımıza minnətdarlığımızı bildiririk.

Böüy Vətən müharibə veteranlarının sayı isə ilbəil azalmaqdadır. Bu da ondan xəbər verir ki, bir neçə ildən sonra biz bu nəslin nümayəndələrini aramızda görə bilməyəcəyik. Necə ki, Bərdə rayonunda yüzlərlə müharibə veteranından bu gün sağ qalanı cəmi on bir nəfərdir. 

II Dünya müharibəsi veteranı Əmrah Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Veteran: Məni toplu məzara atmışdılar, iniltimi eşidib, çıxardılar

Sputnik Azərbaycan-ın bölgə müxbirinə bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının Bərdə rayon Şöbəsinin sədri Oqtay Həşimov məlumat verib: "Onlardan ən yaşlısı 1918-ci il il təvəllüdlü Quliyev Məcid Cavad oğludur".

O.Həşimov sağ qalan digər veteranların da adlarını açıqlayıb: "1922-ci il təvəllüdlü Musayev Səfər, 1923-cü il təvəllüdlü Məmmədov Mirzə, 1924-cü il təvəllüdlü Səfərov Bayram, 1924-cü il təvəllüdlü Hüseynov Hüseyn, 1924-cü il təvəllüdlü İsmayılov Yarməmməd, 1925-ci il təvəllüdlü Kərimov Əsgər, 1926-cı il təvəllüdlü Hüseynov Məhəmməd, 1926-cı il təvəllüdlü Abbasov Əsgər, 1926- cı il il təvəllüdlü Əliyev Qulu, 1919-cu il təvəllüdlü Mənsimov Oruc hazırda həyatdadır".

Döyüşçü veteranların içərisində ən yaşlısı Bərdə rayon Mustafaağalı kənd sakini Quliyev Məcid Cavad oğludur. Bu ilin iyun ayının 7-də Məcid babanın 100 yaşı tamam olacaq.

Qərara gəldik ki, 9 may faşizm üzərində qələbənin növbəti ildönümündə Məcid babanı ziyarət edək. Böyük Vətən müharibəsi haqqında tarixi bir də canlı şahidin dilindən eşidək. Bu niyyətlə də üz tutduq Mustafaağalı kəndinə, müharibə veteranı ilə görüşdük, söhbətləşdik. 

İkinci dünya müharibəsi iştirakçısı Mir Məhəmməd Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hitlerin kürsüsündə oturmuş azərbaycanlı: "Partladıcı maddəni araq əvəzinə içəcəkdim..."

Məcid baba yaddaşı imkan verdiyi qədər bizimlə danışdı. Müharibədəki fəaliyyətlərini anlatmağa çalışdı, xatirələrini bölüşdü, ötənləri yada saldı.

Müharibə başlayan vaxt iyirmi iki yaşlı Məcid Quliyev Şimali Qafqazın Mozdok şəhərində hərbi xidmətə başlayıb. Müharibə illərini Məcid baba belə xatırlayır: "Böyük Vətən müharibəsi çox zülmlü, əzablı, qarlı, qışlı, çox dəhşətli idi. Əzab-əziyyətlə doluydu. Yaxşı geyimimiz, yeməyimiz yox idi. Bütün ordu çox ağır günlər keçirirdi".

Əzablı döyüş yolu keçən Məcid Quliyevin dediyinə görə, o, Mozdokda gedən döyüşdə yaralanır. Müalicə olunması üçün onu Tiflisə hərbi hospitala köçürürlər: "Tiflisdə ay yarımlıq müalicə və bərpa kursu keçəndən sonra məni "Avçala" adlandırılan təlim düşərgəsinə göndərdilər. Orada yenidən hərbi hazırlıqlardan keçəndən sonra isə döyüşə yolladılar".

Müharibə xatirələrini bizimlə bölüşən həmsöhbətimiz daha sonra bunları danışır: "Almanlar əvvəlcə sürətlə irəliləyirdilər. Terek çayına qədər gəlib çatmışdılar. Amerika, Fransa, İngiltərə isə kömək eləmirdi. Müharibənin gedişatında gördülər ki, Sovet hökuməti məğlub olsa, almanların qarşısında dayana bilməyəcəklər. Ona görə də siyasətlərini dəyişib SSRİ-yə kömək elədilər. Ondan sonra almanları geri oturtdular".

Məcid Quliyev deyir ki, hərbi xidmət vaxtı rus dilini yaxşı bilmirmiş. Özünün də dediyi kimi, "da", "net"-lə çulunu sudan çıxarırmış. Bir sözlə, dil bilgisinin olmaması onun üçün heç bir çətinlik törətməyib. Müharibədə dilindən, dinindən asılı olmayaraq, bütün döyüşçülər bir-birinə qardaş kimi, doğma, əziz insan kimi bağlanıb. 

Məcid Quliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlar böyük müharibənin yadigarlarıdırlar: Bərdədə 11 veteran yardım alacaq

416-cı azərbaycanlı diviziyası yarandıqdan sonra isə Məcid Quliyev döyüş yolunu həmin diviziyanın tərkibində davam etdirib. Azərbaycanlıların diviziyasına qoşulandan sonra isə bütün çətinlikləri aradan qalxıb.

Məcid baba danışdıqca hiss edirik ki, ötən illəri, Böyük Vətən müharibəsini xatırlamaqda həm yaddaşı kifayət qədər sözünə baxmır, həm də danışdıqca qəhərlənir. Müharibədə itirdiyi dostlarını, həmvətənlərini xatırladıqca, sözləri boğazında düyünlənir, gözləri uzaqlara zillənir.

Məcid Quliyev dodaqaltında sanki döyüş yoldaşlarının ruhu, xatirələri ilə söhbət edir. Kim bilir, bəlkə də müharibədə şəhid yox, şahid olduğu üçün xatirələrindən utanır?! Bəlkə də illərdir onların ruhu ilə yenidən görüşəcəyi günün xəyalını qurur?!

Ancaq biz bilirik ki, Məcid baba və onun kimi minlərlə həmvətənimiz utanılacaq yox, qürur duyulacaq addım atıblar. Böyük Vətən müharibəsinin qələbə ilə nəticələnməsində onların, ən azı Bakı nefti qədər əhəmiyyəti, əməyi, zəhməti olub. Biz bütün müharibə veteranlarımızla fəxr edirik, həmçinin də Məcid Quliyevlə.

Məcid babaya 100 yaşını sağlam canla qeyd etməsini, bundan sonra da daha neçə illər yaşamasını, Azərbaycan ordusunun Şuşaya zəfər bayrağını sancması xəbərini eşitməyi arzulayaraq onunla sağollaşırıq.

Xəbər lenti
0